AMEA Naxçıvan Bölməsi

Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu hesabat verib


03.12.2021 / 17:04Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanasının 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclası keçirilib.

Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə hər iki elmi-tədqiqat müəssisəsinin fəaliyyətinə nəzər salıb.

Bölmənin Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov məruzəsində bildirib ki, fondda 2021-ci ilin elmi-tədqiqat işlərinin planına uyğun olaraq 1 problem, 1 mövzuya daxil olan 3 iş 4 mərhələdə yerinə yetirilib. 

Hesabat ilində Fоnd əməkdaşlarının 3 kitabı, 29 elmi məqaləsi, 6 konfrans materialı dərc olunub. Məqalələrdən 24-ü beynəlxalq kodlu jurnallarda nəşr olunub. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Məhəmməd Tağı Sidqinin ev muzeyinə hədiyyə olunmuş şairin oğlu Məmmədəli Sidqinin müxtəlif ünvanlara yazdığı məktublar və digər sənədlərin kataloqu tərtib edilib. Naxçıvan əlyazmalarının tоplanılması, sistemləşdirilməsi, katalоqlaşdırılması və tədqiqiproblemi üzrə bir mühüm nəticə əldə olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında Babək, Ordubad və Naxçıvan Dövlət Tarix Diyarşünaslıq muzeylərindən 200-dək qədim əlyazma və çap kitabı, 250-ə yaxın müxtəlif dövrlərə aid arxeoqrafik sənədlər Əlyazmalar Fonduna köçürülüb. Ordubad şəhərinə ekspedisiya zamanı 5 qədim çap kitabı əldə olunaraq fondun balansına daxil edilib. Hazırda Əlyazmalar Fondunda 611 qədim əlyazma və çap kitablarımühafizə olunur. Fondda həmçinin şair Müzəffər Nəsirlinin şəxsi arxivindəki sənəd və materiallar əsasında arxiv yaradılıb. Həmin sənəd və materiallar üzərində bəzi bərpa işləri aparılıb, sistemləşdirilərək qruplaşdırılıb.

Qeyd olunub ki, cari ildə əməkdaşlar 1 beynəlxalq səviyyəli onlayn elmi konfransda, 1 bölmə səviyyəli tədbirdə məruzə ediblər. Müxtəlif radio və televiziya verilişlərində çıxış edən tədqiqatçıların 15 qəzet məqaləsi dərc olunub.

Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülmüş “Tərcümə” (Ərəb-Azərbaycan) və “Tərcümə” (Fars-Azərbaycan) ixtisaslarının tələbələri ilə birgə tədqiqatlar aparılıb, onlara elmi-metodiki məsləhətlər verilib.

Daha sonra çıxış edən bölmənin Batabat Astrofizika Rəsədxanasının baş direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev diqqətə çatdırıb ki, Rəsədxanada 1 prоblem 2 mövzu üzrə 2 iş 6 mərhələdə yerinə yetirilib.

Hesabat dövründə aparılan tədqiqatların nəticələri 26 elmi məqalə, 14 konfrans materialı və 2 tezis olmaqla 42 elmi əsərdə əksini tapıb. Məqalələr beynəlxalq kodlu jurnallarda çap olunub.

2021-ci il ərzində Batabat Astrofizika Rəsədxanasında “Günəş və heliogeofiziki aktivliyin variasiyalarının fizikası, uzunmüddətli proqnozlaşdırılması və biosistemlərə təsiri” mövzusunda beynəlxalq qrant layihəsinin icrası davam etdirilib, səma cisimlərinin mövqe və fоtоmetrik müşahidələri problemi üzrə bir mühüm nəticə əldə olunub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində işlər davam etdirilib, Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülən Fizika ixtisası tələbələrinin iştirakı ilə seminarlar keçirilib.

Hesabat ili ərzində əməkdaşlar 3 beynəlxalq, 4 respublika konfransında, 3 bölmə səviyyəli tədbirdə çıxış və məruzə etmişlər.

Sonda AMEA-nın müxbir üzvləri Tariyel Talıbov, Hacıfəxrəddin Səfərli və Tofiq Əliyev çıxış edərək hər iki elmi tədqiqat müəssisəsinin hesabatını yüksək qiymətləndirmiş, hesabatın qəbul olunmasını təklif etmişlər.