AMEA Naxçıvan Bölməsi

Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub


21.10.2021 / 15:29Tədbirlər



AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclasında bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.

Akademik Azərbaycan Respublikası Prezidentinin 12 oktyabr 2021-ci il tarixli “Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında”, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında” 16 oktyabr 2021-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr barədə məlumat verib. Azərbaycan dekorativ-tətbiqi sənətinin tanınmış nümayəndəsi, Xalq rəssam Kamil Əliyev haqqında məlumat verən alim bildirib ki, rəssamın 100 illiyi münasibətilə AMEA Naxçıvan Bölməsində elmi kofransın keçirilməsi, həmçinin “Elmi əsərlər” jurnalının xüsusi nömrəsinin görkəmli incəsənət xadiminin yaradıcılığına həsr olunması nəzərdə tutulub.

Sonra AMEA Naxçıvan Bölməsi Bioresurlar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimova “Bioloji fəal maddələr və alınma üsulları” mövzusunda elmi məruzə edib. Məruzəçi bitkilərin bir sıra faydalı, əvəzolunmaz təbii birləşmələrin mənbəyi kimi hələ qədim zamanlardan müxtəlif məqsədlər üçün geniş istifadə edilməsinə dəqqət çəkilib, müasir dövrdə yeni analiz metodlarının tətbiqi, bioloji aktiv maddələrin təyini metodlarının həssaslıq dərəcəsinin artırılması, bitkilərin fitokimyəvi analizlərinin yenidən aparılmasının zəruriliyindən bəhs olunub.

Tədqiqatçı bildirib ki, bitkilər insan orqanizmi üçün çox faydalı olan birləşmələrin və o cümlədən təbii antioksidantların ən önəmli qaynağıdır. Buna görə də faydalı bitkilərin tərkibindəki önəmli birləşmələrin öyrənilməsi və insan qidasında onların istifadə məsələsi dövrümüzdə mühüm əhəmiyyətə malik məsələlərdəndir. Eyni zamanda bitkilər insan orqanizmini zərərli sərbəst radikallardan qoruyan başlıca təbii antioksidantlar olan vitaminlər, karotinoidlər, polifenollu birləşmələr və flavonoidlərlə olduqca zəngindir. Bitkilərin biokimyəvi tərkibinin öyrənilməsində əsas məqsəd bioloji aktiv maddələrin kəmiyyət və keyfiyyətcə öyrənilməsi, bitkilərin müxtəlif orqanlarında olan fitokimyəvi, bioloji təsirə malik birləşmələrin müəyyən edilməsidir. Bitki mənşəli maddələrin öyrənilməsi üçün müxtəlif xromotoqrafik və spektral analiz üsullarından istifadə olunur.

İclasda həmçinin AMEA Naxçıvan Bölməsinin elmi müəssisələrində 2021-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların hazırlanması, Zəfər Gününə həsr olunmuş “Vətən müharibəsi: Azərbaycanın zəfər yolu” mövzusunda respublika elmi konfransının keçirilməsi haqqında müzakirə aparılmış, Bioresurslar İnstitutunun nəzdində fəaliyyət göstərən Yardımçı təsərrüfatın hesabatı dinlənilmiş, gündəlikdəki  digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunmuşdur.