AMEA Naxçıvan Bölməsi

Ədəbiyyatşünas alimə həsr olunan tədbir keçirilib


08.10.2021 / 13:05Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü, professor Abbas Zamanovun anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, professor Hacıfəxrəddin Səfərli yığıncağı giriş sözü ilə açaraq bildirib ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin alimin 110 illik yubileyi münasibətilə imzaladığı 1 oktyabr 2021-ci il tarixli qərara əsasən keçirilir.
H.Səfərli Abbas Zamanovun həyat və yaradıcılığı haqqında yığcam məlumat verərək qeyd edib ki, çətin və keşməkeşli həyat sürən alim vətənpərvər şəxsiyyət kimi formalaşmış, Azərbaycançılıq məfkurəsinə sədaqətlə xidmət etmiş, qətiyyətli mövqeyindən heç zaman dönməmişdir. Zəhmətkeş alimin ədəbiyyatşünaslıq elminə verdiyi töhfələr, Azərbaycan ədəbi mühiti, mədəniyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əvəzsiz xidmətləri vardır. Bu baxımdan əminliklə deyə bilərik ki, Abbas Zamanov vətənpərvər alim missiyasını uğurla yerinə yetirmişdir.
Yığıncaqda “Ədəbi əlaqələrin inkişafında Abbas Zamanov erası” mövzusunda məruzə edən Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov Abbas Zamanovun zəngin həyat və yaradıcılıq yoluna nəzər salıb. Məruzədə mətnşünas alimin çoxsahəli fəaliyyəti, onun ədəbiyyatşünaslıq elminə bəxş etdiyi əsərlər və mühüm şəxsi keyfiyyətləri təhlil olunub.
Diqqətə çatdırılıb ki, hələ sovet hakimiyyəti dövründə ermənilərin Naxçıvanla bağlı iddialarına qarşı qətiyyətli mövqe nümayiş etdirən patriot alim bütün çətinliklərə baxmayaraq haqlı mübarizəsindən dönməmişdir. İngiltərə, Fransa, Yaponiya, Polşa, İran, İraq və başqa ölkələrdə yaşayan müasirlərinə müntəzəm olaraq məktublar göndərmiş, Azərbaycanın ədəbi və mədəni dəyərlərini daim təbliğ etmişdir. Bu gün istər ölkəmizdə, istərsə də ölkə xaricində məhz Abbas Zamanovun şəxsi təşəbbüsü ilə zənginləşdirilmiş kitab fondları tədqiqatçıların müntəzəm istifadə etdiyi mənbə rolunu uğurla yerinə yetirir.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucova yığıncaqda “Abbas Zamanovun mollanəsrəddinşünaslıq tədqiqatları” mövzusunda məruzə edib. Məruzədə vurğulanıb ki, XX əsr Azərbaycan maarifçi realistlərinin, eləcə də romantiklərinin yaradıcılığı Abbas Zamanov tərəfindən öyrənilmiş, C.Məmmədquluzadə, Ə.Nəzmi, Ö.F.Nemanzadə, Ə. Haqverdiyev və başqalarının yaradıcılığı ilə bağlı fundamental elmi əsərlər ərsəyə gəlmişdir. Tədqiqatçı çıxışı zamanı alimin əsərlərini təhlil edərək, hər biri haqqında ətraflı məlumat verib.
“Abbas Zamanov yaradıcılığında “Cənub xatirələri” başlıqlı məruzə edən Bölmənin Elmi Kitabxanasının direktoru Sahab Əliyeva söyləyib ki, professor Abbas Zamanov Azərbaycan ədəbiyyatşünaslığının inkişafında, ədəbiyyatımızın daha geniş arenada tanıdılmasında misilsiz xidmətlər göstərmişdir.
Tarixi ədalətsizlik səbəbindən ikiyə parçalanan Azərbaycanın, cənubda yaşayan həmvətənlərimizin taleyini hər zaman düşünən alimin yaradıcılığında Cənubi Azərbaycanla bağlı tədqiqatlar mühüm yeri tutur. Milli dəyərlərimizi vahid Azərbaycan fəzasında yaymaq, Cənubi Azərbaycanla əlaqələrimizi genişləndirmək, ikiyə bölünmüş xalqımızın mənəvi birliyini təmin etmək, orada yaşayan şair və yazıçılarımızın əsərlərini təbliğ etmək, araşdırmaq Abbas Zamanovun bu istiqamətdəki uğurlu fəaliyyətinin əsas cəhətləridir.