AMEA Naxçıvan Bölməsi

AMEA Naxçıvan Bölməsində doqquz ayın yekunları müzakirə olunub


11.10.2021 / 17:00Tədbirlər



AMEA Naxçıvan Bölməsində 2021-ci ilin doqquz aylıq elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə bağlı hesabat yığıncağı olub.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev iclası giriş sözü ilə açaraq cari ilin doqquz ayı ərzində yerinə yetirilən işlərdən, qazanılan elmi nəticələrdən bəhs edib. Ötən ilin müvafiq dövrü ilə hazırkı göstəriciləri müqayisə edən bölmə rəhbəri əsərlərin kəmiyyət və keyfiyyət göstəricilərində diqqət yetirilməli məqamlardan söz açıb, müvafiq tapşırıqlar verib.

AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov yığıncaqda bölmənin cari ilin doqquz ayı ərzində göstərdiyi elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı məruzə edib. O bildirib ki, AMEA Naxçı­van Bölməsi hesabat dövrü ərzində Nax­çıvan Mux­tar Res­publikası Ali Məc­li­sinin və Nazirlər Kabi­ne­ti­nin, Azərbay­can Milli Elmlər Akade­mi­ya­sı Rəyasət Heyətinin ver­di­yi sərəncam, qə­rar, tapşırıq və tövsiyələri layiqin­cə yeri­nə yetirməyə çalışıb. Elmi tədqiqatlar 2 akademik, 4 müxbir üzv, 4 elmlər doktoru, 50 fəlsəfə doktoru, 30 doktorant və dissertantın iştirakı ilə davam etdirilib.

Bölmədə kadr potensialının artırılması sahəsində əldə olunan nəticələrə nəzər salan məruzəçi bildirib ki, hesabat dövründə bölmənin bir əməkdaşı elmlər doktorluğu dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş, digər bir əməkdaşın elmlər doktorluğu dissertasiyası seminardan keçərək müdafiəyə buraxılmışdır. Bölmənin Dissertasiya Şurasında 2 fəlsəfə doktorluğu dissertasi­ya­sının müdafiəsi uğurla həyata keçirilmiş, 4 tədqiqatçının fəlsəfə doktorluğu dissertasiyası seminar müzakirəsindən keçərək müdafiəyə buraxılmışdır.

Vurğulanıb ki, cari ilin 3 rübü ərzində bölmə əməkdaşlarının 11 monoqrafiya, 5 kitab, 1 kitabça, 2 metodik vəsait, 286 elmi məqalə, 152 konfrans materialı, 3 tezis olmaqla 460 elmi əsəri çap olunmuş, 3 buklet və 1 xəritə tər­tib edil­mişdir. Əsərlərdən 3 monoqrafiya, 59 məqalə, 63 konfrans mate­ria­lı, 2 tezis xaricdə nəşr olunub. Qeyd olunan dövr ərzində bölmə əməkdaşlarının 37 məqaləsi impakt faktorlu jurnallarda nəşr olunub, bunlardan 12-si Clarivate Analytics indekslidir. Tədqiqatçıların əsərlərinə 794 istinad qeydə alınıb, iki beynəlxalq sə­viyyəli qrant layi­hə­­si­nin icrası uğurla davam etdirilib. “Elmi əsərlər” və “Ax­tarış­lar” jur­nal­­la­rı­nın hər birinin 3 nömrəsi nəşr olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə bağlı “Qars müqaviləsi və Naxçıvan” mövzusunda elmi araşdırmalara başlanılmış, “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bir nömrəsinin Qars müqaviləsinin 100 illiyinə həsr edilməsi ilə əlaqədar elmi məqalələr hazırlanaraq sistemləşdirilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti ilə birgə muxtar respublikanın Moskva və Qars müqavilələri ilə təsbit olunmuş ərazilərini əks etdirən xəritətələr tərtib olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 22 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən “Elmi əsərlər” jurnalının Aşıq Ələsgər yaradıcılığına həsr olunmuş xüsusi nömrəsi çapa hazırlanmışdır. “Şərq qapısı” qəzetinin fəaliyyətinin 100 illiyi münasibəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı Tədbirlər planına uyğun olaraq hazırlanan kitab üçün məqalələr işlənməkdədir.

Dosent Orxan Bağırov məruzəsində 21 sentyabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Səd­rinin iştirakı ilə AMEA Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə müəyyənləşdirilən vəzifələr və tapşırıqlar haqqında ətraflı məlumat verib, nəzərdə tutulan fəaliyyət planı ilə bağlı dinləyiciləri məlumatlandırıb.

YUNESKO səviy­yəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geopark­lar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınması ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumat verən məruzəçi söyləyib ki, geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi davam etdirilmiş, geopark ərazisinin ümumi, geoloji, geo­mor­­foloji, tarix-memarlıq, arxeoloji, biomüxtə­liflik xəri­tə­ləri tərtib edilmiş və əla­və obyektlər üçün təsdiq edilmiş formada pasportlar hazırlanmaqdadır.

Tədqiqatçı bölmədə həyata keçirilən tətbiq yönümlü işlər haqqında da məlumat verib. O bildirib ki, hesabat dövründəbölmə əməkdaşlarından kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın bir ixtirası patent almış, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseynəliyevin bir sənaye nümunəsinə və aqrar elmləri doktoru, dosent Varis Quliyevin yaratdığı 7 yeni üzüm sortuna patent və müəlliflik şəhadətnamələri verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin istehsal olunan məhsul çeşidlərinin artırıl­ma­sı, çaytikanı yağı istehsalına xüsusi diqqət yetirilməsi və “Yaşıl aptek”də satışının təşkil edilməsi ilə bağlı tapşırığının icra vəziyyəti ilə bağlı məlumat verən O.Bağırov bildirib ki, bu məqsədlə Bio­kim­yəvi tədqiqatlar laboratoriyasının Ordubad rayonunun Aşağı Əylis kəndində yerləşən ərazisin­də yeni çaytikanı ting­ləri əkilmişdir. 16 adda bitki qarışıqlarından dərman paketlərinin hazırlanması, “Şorsu” palçığının istehsalı və satışı işi davam etdirilmiş, Bio­kim­yəvi tədqiqatlar laboratoriyasında 120 l-ə qədər gülab, alma sirkəsi, ərik, albalı, yemişandan hazırlanan kompot və şirələr, tut, qoz, ərik, albalı, gilas, gül mürəbbələri istehsal edilmişdir. Gələcəkdə istehsal olunacaq daha keyfiyyətli məhsullar üçün bölmənin Nəbatat bağında və Aşağı Əylis kəndindəki ərazisində yeni və məhsuldar meyvə sortlarının əldə edilməsi üçün calaq işləri aparılmışdır.

Ötən doqquz ay ərzində AMEA Naxçıvan Bölməsi ABŞ, Fransa, Polşa, Türkiyə, Rusiya, İran, Qazaxıstan, Gürcüstan və başqa ölkələrin 20-dən çox elm və təhsil mərkəzi ilə səmərəli elmi əmək­daşlıq etmiş, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Belə ki, Türk Tarix Qurumu ilə aparılan müzakirələr nəticəsində iki qurum arasında elmi əməkdaşlığa dair razılıq əldə olunmuşdur. Bölmədə 1 beynəlxalq, 1 respublika, 4 muxtar respublika, 12 bölmə səviyyəli elmi konfrans, 9 təd­bir, oxunması zəruri olan 5 kitabın müzakirəsi və 9 təqdi­mat keçirilmişdir.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən Naxçıvan Dövlət Uni­versitetinin AMEA Naxçıvan Bölməsinə hamiliyə verilmiş 10 ixtisas üzrə təhsil alan tələbələrin iştirakı ilə seminarlar, açıq dərslər, labo­ra­to­riya məşğələləri və digər tədbirlər keçi­ril­miş, elmi dərəcəsi olan 45 elmi dərəcəli əməkda­ş muxtar respublikanın 26 ümum­təh­sil məktəbində nümunəvi dərslər tədris etmişlər. AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə həyata keçir­diyi “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhə­rinin ümumtəhsil məktəb­lərin­in şagirdləri bölmə alimləri tərəfindən hamiliyə götürülərək, tədqiqatlara cəlb olunaraq uğurlu nəticələr əldə etmişlər.

Sonda hesabat qənaətbəxş hesab olunaraq qəbul edilib, iclas iştirakçılarının sualları cavablandırılıb, bölmənin gələcək səmərəli fəaliyyəti üçün irəli sürülən təkliflər dəyərləndirilib.