AMEA Naxçıvan Bölməsi

Əsrə bərabər illər kitabının təqdimatı olub


30.09.2021 / 16:51Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri, AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri Rauf Əliyevin “Əsrə bərabər illər” kitabının təqdimatı keçirilib.

Tədbiri açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, yeni nəşr olunmuş kitabda istedadlı jurnalist Rauf Əliyevin AZƏRTAC və “Şərq qapısı” qəzetində dərc olunmuş analitik məqalələri toplanmışdır. Müəllif əsərdə muxtar respubikada ordu quruculuğu, enerji təhlükəsizliyi, elm, təhsil, səhiyyə və başqa sahələrdə həyata keçirilən nəzərəçarpan inkişaf strategiyasını yüksək analitik bacarıqla təhlil etmişdir. Kitabın diqqətçəkən xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, müəllif faktları peşəkarcasına təhlil etməklə yanaşı, eyni zamanda ötən dövrlərlə müqayisələr aparmışdır. Bütün üstün cəhətlərini nəzərə alaraq deyə bilərik ki, “Əsrə bərabər illər” kitabı Naxçıvan Muxtar Respublikasının 2015-2020-ci illər üzrə hərtərəfli inkişafını əks etdirən ensiklopediyadır. Kitabdakı faktların səlis və oxunaqlı təsvirinə diqqət çəkən akademik əsərin Naxçıvanı tanımaq, burada həyata keçirilən inkişafla tanış olmaq istəyən hər kəs üçün faydalı məlumat bazası rolunu oynayacağını vurğulayıb.

Təqdimatda “Aktual analitik janr – icmalların toplusu haqqında” məruzə edən “Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova “Əsrə bərabər illər” kitabını təcrübəli jurnalist Rauf Əliyevin altı illik məhsuldar fəaliyyətinin uğurlu nəticəsi kimi qiymətləndirib. Qeyd olunub ki, kitabda muxtar respublikanın davamlı və hərtərəfli inkişafı ilə yanaşı, həm də müəllifin jurnalist peşəkarlığı diqqət çəkir. Kitabda yer alan fəsillərin adları, tərkibi və kitabın nəfis tərtibata malik olması müəllifin oxucularına verdiyi dəyərdir. “Əcəmi”Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunan əsər muxtar respublikanın inkişafı ilə maraqlanan mütəxəssis və tədqiqatçılar, jurnalistika fəaliyyəti ilə məşğul olan hər kəs üçün etibarlı mənbədir. Mehriban Sultanova ölkəmizdə, eləcə də muxtar respublikada mətbuata və mətbuat işçilərinə göstərilən diqqət və qayğıdan bəhs edərək  “Əsrə bərabər illər” kitabının həmin qayğının labüd nəticəsi olduğunu bildirib.

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov yığıncaqda “Naxçıvan mətbuatında altıillik quruculuq salnaməsi” mövzusunda çıxış edib. Kitabın bir sıra mühüm keyfiyyətlərindən söz açan məruzəçi bildirib ki, müəllif  2015-c ildən başlayaraq altı il ərzində muxtar respublikada baş verən mühüm hadisələrə xüsusi prizmadan yanaşmış, həm öz sahəsinin peşəkarı, həm də əsl vətəndaş mövqeyi nümayiş etdirmişdir. Burada çoxsaylı faktlar vahid dövlətçilik ideologiyası əsasında təhlil olunmuş, bir amal ətrafında birləşdirilmişdir. Əminliklə deyə bilərik ki, Rauf Əliyev bununla təkcə qələminin gücünü deyil, həm də əsl vətənpərvərlik sərgiləmişdir.

Yığıncaqda onlayn iştirak edən AZƏRTAC-ın Regional inkişaf və bölgə xəbərləri redaksiyasının müdiri Ceyhun Rüstəmov “Naxçıvanın sosial-iqtisadi inkişafı AZƏRTAC-ın səhifələrində” mövzulu çıxışında Naxçıvanın sürətli inkişafından söz açıb. Vurğulanıb ki, muxtar respublikanın son 20 ildə iqtisadi artım templərinə görə rekordsmen bölgə olması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin uğurla həyata keçirdiyi Heydər Əliyev siyasətinin bəhrəsidir. Bütün bu uğurları ölkə ictimaiyyətinə, dünyaya çatdırmaq isə qarşıda duran əsas vəzifələrdən biridir.

2014-cü ildən muxtar respublikada fəaliyyət göstərən AZƏRTAC-ın Naxçıvan bürosu təcrübəli jurnalist Rauf Əliyevin rəhbərliyi altında uğurla fəaliyyət göstərir. Onun müntəzəm hazırladığı icmallar sayəsində bir ay ərzində muxtar respublikanın ictimai-siyasi, iqtisadi, mədəniyyət, quruculuq  sahələrində görülən genişmiqyaslı işlərlə tanış olmaq mümkündür. Bu materialları bir araya topladıqda isə muxtar respublikanın inkişaf, quruculuq salnaməsi yaranır. Kitab muxtar respublika həyatının bütün sahələrini  əhatə etməklə, qazanılan uğurlar barədə oxucuda əyani təsəvvür yaradır.

“Şərq qapısı” qəzetinin məsul katibi, kitabın redaktoru Muxtar Məmmədov çıxışında “Əsrə bərabər illər” kitabını Naxçıvan mətbuatına yeni töhfə kimi qiymətləndirib. Təcrübəli jurnalist müəllifin səmərəli fəaliyyətinə nəzər salaraq, kitabın diqqət çəkən məqamlarını təhlil edib, bu uğurların davamlı olacağına əminliyini bildirib.

Sonda Rauf Əliyev çıxış edərək göstərilən diqqətə görə muxtar respublika rəhbərliyinə öz minnətdarlığını bildirib. “Jurnalistin silahı onun qələmidir. O qələm Vətənə, millətə xidmət etmirsə, o şəxs jurnalist kimi püxtələşməmişdir”, -deyən müəllif  bildirib ki, bu qayğı insanı daha şövqlə çalışmağa vadar edir.