AMEA Naxçıvan Bölməsi

Sənətşünaslıq elminin görkəmli siması mövzusunda elmi konfrans olub


20.09.2021 / 17:01Tədbirlər



Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində AMEA-nın müxbir üzvü, professor Kərim Kərimovun anadan olmasının 100 illiyi münasibətilə “Sənətşünaslıq elminin görkəmli siması” mövzusunda elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev xatırladıb ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti 9 iyul 2021-ci il tarixdə AMEA-nın müxbir üzvü Kərim Kərimovun Azərbaycan sənətşünaslıq elminin inkişafındakı xidmətlərini nəzərə alaraq və 100 illik yubileyi münasibətilə xüsusi qərar imzalanmışdır. Bölmədə baş tutan “Sənətşünaslıq elminin görkəmli siması” mövzulu konfrans da sözügedən qərardan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə keçirilir.

Akademik çıxışında professor Kərim Kərimovun yaradıcılıq yoluna qısa nəzər salaraq onun Azərbaycan sənətşünaslıq elminin, miniatür sənətinin tədqiqi və inkişafında olan mühüm rolunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Vurğulanıb ki, miniatürşünaslıq elminin mahir tədqiqatçısı Kərim Kərimov nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da mədəni abidələrimizin əsl təbliğatçısı kimi nümunəvi həyat və yaradıcılıq yolu keçmişdir.

Konfransda onlayn iştirak edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, professor Kərim Kərimov Azərbaycan sənətşünaslıq elmində zəngin irs qoymuş alimlərdən biridir. Miniatürşünaslıq elminin ilkin təmayüllərinin formalaşması, miniatür sənətinin dərindən öyrənilməsi istedadlı alimin Azərbaycan elmi və mədəniyyəti qarşısında ən böyük xidmətlərindəndir. Azərbaycan realist rəssamlıq məktəbinin tanınmış nümayəndəsi Bəhruz Kəngərli haqqında ilk və zəngin tədqiqatlar da məhz Kərim Kərimov qələmi ilə ərsəyə gəlmişdir.

AMEA-nın akademik-katibi, akademik Arif Həşimov çıxışında alimin yaradıcılığının əsas məqamlarını təhlil edib. Azərbaycan elminin davamlı inkişafını təmin etmək üçün elmi və tarixi irsimizin qorunub saxlanılmasının önəmini vurğulayıb.

Naxçıvan Rəssamlar Birliyinin Baş fond müdiri, dosent Nizami Alıyev konfransda “Professor Kərim Kərimovun həyatı və yaradıcılıq yolu” mövzusunda məruzə edib. Məruzədə qeyd olunub ki,  milli sənətşünaslıq elminin banilərindən olan Kərim Kərimov xalqını, vətənini sevən, nəcib ruhlu alim olmuşdur. Bu xətt onun apardığı tədqiqatlarda, elmi həqiqətlərin dünyaya bəyan olunmasında açıq-aşkar təzahür edir.

Alimin tədqiqatlarında XVIII-XIX əsr rus rəssamlarının yaradıcılığında Azərbaycan mövzusunun araşdırılması mühüm yer tutmuş, həmin əsərləri geniş aspektdə təhlil etmişdir. Tədqiqatlar sayəsində əsərlərin hərbi-topoqrafik təsvir xarakterli olduğu sübuta yetirilmişdir.

O, Naxçıvan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin realist yaradıcılığının geniş mənzərəsini yaratmış, onun mahir portret və mənzərə ustası olduğunu göstərmişdir.

Yaradıcılığında orta əsr Təbriz miniatürlərinin tədqiqinə xüsusi önəm verən alim bu məktəbin Azərbaycan xalqına aid olduğunu qəti şəkildə isbat etmişdir. Azərbaycan mentalitetinə xas olan üslubi cəhətləri şərh edərək mədəniyyətimizi parçalamağa çalışan bəzi “alimlərin” fikirlərini darmadağın etmişdir. “Qəzvin miniatür məktəbi” anlayışının elmi ədəbiyyatlara daxil edilməsi də professor Kərim Kərimovun adı ilə bağlıdır.

Konfransda AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, dosent Həbibə Allahverdiyeva və AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı Şəmsiyyə Zalova çıxış edərək alimin həyat və yaradıcılığının müxtəlif dövrlərini təhlil ediblər.