AMEA Naxçıvan Bölməsi

Araz-Türk Cümhuriyyəti kitabının təqdimatı olub


15.09.2021 / 15:59Tədbirlər



AMEA-nın Naxçıvan Bölməsində akademik İsmayıl Hacıyevin müəllifi olduğu “Araz-Türk Cümhuriyyəti” kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimini giriş sözü ilə Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli açıb. Bildirilib ki, həyatını Azərbaycan tarixşünaslıq elminin zənginləşdirilməsinə, Naxçıvanın çoxəsrlik dövlətçilik ənənələrinin öyrənilməsinə həsr edən alimin tədqiqatlarının nəticəsi müxtəlif kitab və monoqrafiyalarda, elmi məqalələrdə öz əksini tapmışdır. Onun “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı monoqrafiyası, habelə digər sanballı əsərləri Naxçıvanla bağlı erməni saxtakarlığının darmadağın edilməsi, fakt və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca əhəmiyyətlidir. Yeni nəşr olunmuş “Araz-Türk Cümhuriyyəti” kitabı da bu xəttin uğurlu davamıdır.

Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında 24 sentyabr 2019-cu il tarixli Sərəncamı əsasında “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap olunub. Müəllif burada arxiv materialları və digər mənbələri yüksək analitik təfəkkürlə təhlil edərək, bir sıra tədqiqatçılar tərəfindən yanlış şərh olunan məsələlərə aydınlıq gətirib. Əminliklə deyə bilərik ki, İsmayıl Hacıyev bu missiyanı uğurla yerinə yetirib.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev tədbirdə “Araz-Türk Cümhuriyyəti” kitabı tarixşünaslığımız üçün dəyərli mənbədir” mövzusunda məruzə edib.

Kitabın əhatə etdiyi bütün bölmələr haqqında müfəssəl məlumat verən məruzəçi bildirib ki, əsərin girişində 1920-ci ildə tarixi torpağımız Zəngəzurun itirilməsi, Naxçıvanı Azərbaycandan ayrı salmaq cəhdləri, erməni vəhşiliyi, Naxçıvanı erməni təcavüzündən qorumaq üçün Araz-Türk Cümhuriyyətinin yaradılması və bu cümhuriyyətin mühüm tarixi əhəmiyyətindən bəhs olunur.

“Araz-Türk Cümhuriyyətinin yaranması ərəfəsində Naxçıvan diyarında hərbi-siyasi vəziyyət” adlanan birinci fəsildə Naxçıvanda siyasi vəziyyət, ermənilərin Naxçıvana qarşı ərazi iddiaları və silahlı müdaxiləsi, Osmanlı dövlətinin siyasi-hərbi yardımı, Osmanlı ordusunun Naxçıvanı tərk etməsi haqqında məlumatlar, regionda hökm sürən mürəkkəb tarixi şərait kimi məsələlər əsərdə bütün təfərrüatı ilə təhlil olunur.

İkinci fəsildə Araz-Türk Cümhuriyyətinin yaranması, hakimiyyət strukturu, ərazisi, əhalisinin milli tərkibi, paytaxtı, cümhuriyyətdə hərbi qüvvələrin təşkili, hökumət başçısının kimliyi kimi önəmli məsələlərə toxunulur. Qeyd olunan məsələlərin tarixi tədqiqatlarda mübahisəli mövzu olduğuna diqqət çəkən məruzəçi söyləyib ki, müəllif əsərində həmin problemlərin həllini hədəfə almış, müxtəlif araşdırmalar və arxiv materialları əsasında əsaslı nəticələr əldə etmişdir.

Sonuncu fəsildə isə “Araz-Türk Cümhuriyyətinin fəaliyyəti və süqutu” başlığı altında bölgənin ərazi bütövlüyü uğrunda erməni daşnaklarına qarşı mübarizəsi, Azərbaycan Xalq, Cənub-Qərbi Qafqaz Cümhuriyyətləri ilə əlaqələri, bölgədəki ictimai-siyasi və hərbi vəziyyət ətraflı şəkildə şərh olunur. 1921-ci ildə  keçirilən ümumxalq səsverməsi ilə əhalinin öz müqəddəratını müəyyən etməsi, Naxçıvanın Azərbaycanın ərazisi kimi qorunub saxlanılması məsələlərinə toxunulur.

Kitabda yer alan digər başlıqlardan söz açan dosent E.Şıxəliyev diqqətə çatdırıb ki, müxtəlif arxiv materiallarının, fotoşəkillərin əlavə olunması vizuallıq baxımından əhəmiyyətlidir. Şəxs və coğrafi adlar göstəricilərinin nəşrə daxil edilməsi kitabın tərtibinə peşəkar yanaşmanın  nəticəsidir.

Tədbirdə professor Hacıfəxrəddin Səfərli və tarix üzrə fəlsəfə doktoru Musa Quliyev kitab haqqında çıxış edərək qarışıq və yanlış təhlil olunmuş faktların yenidən dəqiqləşdirilməsini, bir sıra məlumatların daha əhatəli araşdırılmasını yüksək qiymətləndirmiş, əsərin tarix elmimizdə mühüm əhəmiyyətindən bəhs etmişlər.

Sonda çıxış edən müəllif Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında” Sərəncamının bütövlükdə dövlətçilik ənənələrimizin daha dərindən araşdırılmasına, saxta erməni iddialarının ifşasına mühüm töhfə olduğunu vurğulayıb. Tariximizə, mədəniyyət abidələrimizə göstərilən diqqət və elm adamlarının əhatə olunduğu qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.