AMEA Naxçıvan Bölməsi

Arxeoloji ekspedisiyaların yekunlarına həsr olunmuş tədbir


10.09.2021 / 16:12Tədbirlər



AMEA Naxçıvan Bölməsində muxtar respublika ərazisində aparılan arxeoloji qazıntıların yekunlarına həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Bölmənin sədri, akademik İsmayıl Hacıyev söyləyib ki, cari ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Naxçıvan Bölməsi əməkdaşlarının və Fransadan gəlmiş arxeoloqların iştirakı ilə biri beynəlxalq olmaqla iki arxeoloji ekspedisiya həyata keçirilib. Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası Uçan Ağıl yaşayış yerində 2015-ci ildən başlayaraq AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və dosent Catherine Marronun rəhbərliyi ilə arxeoloji araşdırmalara başlamışdır. Xaraba Gilan arxeoloji ekspedisiyası isə 2004-cü ildən etibarən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimlinin rəhbərliyi ilə tədqiqat aparır. Akademik hər iki ekspedisiyanın Naxçıvan Muxtar Respublikası ərazisindəki qədim yaşayış yerlərinin öyrənilməsində, Naxçıvanın tarix və mədəniyyəti ilə bağlı bir sıra əhəmiyyətli faktların aşkara çıxarılmasındakı mühüm rolundan bəhs edib.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Uçan Ağıl və Osmantəpə yaşayış yerlərində aparılan araşdırmalar, Şahbuz rayonunda həyata keçirilən kəşfiyyat xarakterli işlər haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan-Fransa beynəlxalq ekspedisiyası 2015-ci ildən başlayaraq Uçan Ağıl yaşayış yerində tədqiqatları davam etdirir. Cari ildə Eneolit dövrünün erkən və orta mərhələsini əks etdirən bu abidədə aparılan tədqiqatların əsas məqsədi yaşayış yerində Neolit təbəqəsinin varlığını təsbit etmək, Kültəpə mədəniyyəti ilə Uçan Ağıl mədəniyyəti arasındakı əlaqələri müəyyənləşdirmək olmuşdur. Bununla yanaşı, köçmə maldarlığının formalaşması prosesinin, insanların ətraf aləmlə tanışlığının öyrənilməsi, iqtisadi-mədəni əlaqələrin istiqamətinin müəyyənləşdirilməsi, yaşayış evlərinin formasının və əcdadlarımızın həyat tərzinin əsas xüsusiyyətlərinin dəqiqləşdirilməsi də ekspedisiyanın mühüm məqsədlərindəndir.

Uçan Ağıl yaşayış yerindən aşkar olunan tikinti qalıqları və digər maddi-mədəniyyət nümunələri haqqında məlumat verən alim qeyd edib ki, ərazidəki kurqanların tədqiqi ilə Kür-Araz mədəniyyətinə aid azsaylı keramika məmulatları aşkar olunmuşdur. Uçan Ağılda aşkar olunan sadə boyalı, boyalı naxışlı keramika nümunələri Kültəpə mədəniyyətinin davamıdır.

Çıxış zamanı professor V.Baxşəliyev Naxçıvanın qədim Neolit yaşayış yerlərindən biri olan Osmantəpədə aparılan arxeoloji tədqiqatlar və əldə olunan elmi yeniliklərdən də bəhs edib. Vurğulayıb ki, aşkar olunan yeni arxeoloji materiallara əsasən bu yaşayış yerinin tarixinin e.ə VI minilliyə aid olduğu artıq sübuta yetirilmişdir. Tapılan əmək alətləri qalıqlarının mikroskopik analizi onların qədimdə hansı məqsədlərlə istifadəsini öyrənməyə imkan verir.

Arxeoloq alim Baş yurd yaylağında aparılan kəşfiyyat xarakterli araşdırmalar və nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdıraraq söyləyib ki, Naxçıvanın qədim və zəngin mədəniyyəti ilə bağlı əldə olunan yeniliklər müntəzəm olaraq tanınmış beynəlxalq jurnallarda dərc olunaraq dünya elmi dövriyyəsinə daxil edilir.

Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edən dosent Catherine Marro çıxış edərək bildirib ki, Cənubi Qafqazda köçmə maldarlıq ilə bağlı çox az sayda yaşayış yeri mövcuddur. Bu abidələrdən ikisinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşməsi bölgənin qədimliyi və mühüm coğrafi-strateji mövqeyi ilə bağlıdır.

Xaraba Gilan arxeoloji ekspedisiyasının rəhbəri, dosent Bəhlul İbrahimli tədbirdə 2021-ci ildə aparılan arxeoloji tədqiqatların əsas nəticələri haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, qazıntıların əsas məqsədi Plovdağ ətrafındakı qədim abidələrin hansı xronoloji ardıcıllıqla yerləşdiyini müəyyənləşdirmək və yaşayış yerinin son dövrlərinə aid abidələrin xarakterini öyrənməkdən ibarət olmuşdur. Bu məqsədlə, II Plovdağ nekropolunda 150 kv.m sahədə üç kurqan tipli qəbir abidəsi, III Plovdağ nekropolunda isə 750 kv.m sahədə qədim ziyarətgahın-məbədin ətrafında müxtəlif tipli abidələr öyrənilmişdir.

II Plovdağ nekropolundakı Son tunc dövrünə aid kurqanlardan keramika və bəzək əşyaları, bir kurqanın qurbangahında isə qurban verilmiş xırdabuynuzlu heyvan qalıqları aşkar edilmişdir.

III Plovdağ nekropolunda qədim ziyarətgahın ətrafında daha üç qurbangah, bir uşaq qəbri və bir dağıdılmış qəbir aşkarlanmışdır. Dağıdılmış vəziyyətdə olmasına baxmayaraq qəbirdən 7 ədəd iri həcmli tunc qolbaq, çoxlu əqiq və tuncdan hazırlanmış muncuqlar aşkar olunmuşdur. Alim kurqanın böyük ehtimalla e.ə əvvəl VII-VI əsrlərdə yaşamış sak tayfalarına məxsus olduğunu bildirib. Tədqiqatçı qeyd edib ki, yeni arxeoloji tapıntılar sayəsində Plovdağ arxeoloji abidələr kompleksinin Erkən Dəmir dövrünü də əhatə etməsi ilə bağlı elmi əsaslar vardır.

Ekspedisiyaların nəticələri ilə bağlı dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. Diqqətə çatdırılıb ki, hər iki ekspediyanın uğurlu fəaliyyəti Naxçıvanın zəngin tarixinin, burada mövcud olmuş qədim mədəniyyətlərin öyrənilməsi və dünya elmi ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.

Sonda təqiqatçılar onlara göstərilən diqqət və yaradılan hərtərəfli şərait üçün Muxtar Respublika rəhbərliyinə minnətdarlıq ifadə ediblər.