AMEA Naxçıvan Bölməsi

Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı mövzusunda konfrans olub


09.07.2021 / 13:19Tədbirlər



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə Bölmənin fəaliyyəti və qazanılan elmi nailiyyətlər haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Naxçıvanın hərtərəfli tədqiqi məqsədilə ulu öndər Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli Sərəncamına əsasən yaradılıb. Alim Bölmənin bugünə qədər çox sayda yerli və beynəlxalq əhəmiyyətli konfranslara ev sahibliyi etdiyini diqqətə çatdıraraq, keçirilən tədbirlərin beynəlxalq səviyyəli əlaqələrin inkişaf etdirilməsindəki önəmindən bəhs edib. Söyləyib ki, Türkiyə Cümhuriyyətinin Ərzurum Atatürk Universiteti, Samsun 19 Mayıs Universiteti, Qars Qafqaz Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif elmi-tədqiqat institutları, Bakı Dövlət Universiteti, muxtar respublikadakı ali təhsil müəssisələri və AMEA Naxçıvan Bölməsi əməkdaşlarının iştirak etdiyi “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” mövzusunda onlayn beynəlxalq konfrans tədqiqatçıların Naxçıvanla bağlı araşdırmalarının beynəlxalq səviyyədə təhlilinə xidmət edir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse prezidenti, akademik İsa Həbibbəyli konfransda “Müstəqillik dövründə Naxçıvan Muxtar Respublikasında ədəbi proses” mövzusunda məruzə edib. Məruzədə qeyd olunub ki, Naxçıvanda müstəqillik illərində həyatın bütün sahələrində inkişaf təmin olunmuşdur. Bu inkişaf və yüksəliş ədəbiyyat və mədəniyyətimizin zənginləşməsinə, təkmilləşməsinə də, şübhəsiz, öz təsirini göstərmişdir. Alim 100 illik inkişaf yolu keçmiş “Şərq qapısı” qəzetinin Naxçıvan ədəbi mühitinin formalaşmasında və ədəbi prosesin inkişafında xüsusi rolu olduğunu diqqətə çatdırıb. Naxçıvanlı şair və yazıçılardan söz açaraq qeyd edib ki, Naxçıvanda ənənəvi yaradıclıq nümunələri ilə yanaşı, yeni üslub yaradıcılıq təmayülləri də formalaşmışdır. Bu isə ədəbi proses və ədəbi mühit məsələlərinin yüksək inkişaf səviyyəsində olduğunu göstərir. Ədəbiyyatşünaslıq elminin ədəbi prosesin inkişafında vacibliyini nəzərə alaraq deyə bilərik ki, artıq Naxçıvanda ədəbiyyat nəzəriyyəçilərinin, ədəbi tənqidçilərin, folklorşünasların yeni nəslinin püxtələşməsi qürur vericidir. Bu qürur hissi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin elm və mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğının parlaq təzahürüdür.

Ərzurum Atatürk Universitetinin professoru Hüseyn Yurttaş “Naxçıvan Qarabağlar türbəsi və Anadoluda əksi” başlıqlı məruzəsində zəngin memarlıq ənənələrinə malik Naxçıvanın tarixi abidələri haqqında ətraflı məlumat verib, bu ənənələrin Anadolu abidələri ilə oxşarlıq və eyniyyət təşkil edən məqamlarını təqdimat vasitəsilə konfrans iştirakçılarına nümayiş  etdirib. Olduqca maraqlı mövzunu əhatə edən məruzədə Azərbaycan və Türkiyə arasında mənəvi və mədəni bağların mənşəyinə nəzər salınıb.

Sonra AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərlinin “Naxçıvan şəhəri qədim və orta əsrlər dövründə Azərbaycanın mühüm mədəniyyət mərkəzlərin­dən biri kimi” və Ərzurum Atatürk Universitetinin professoru Kerem Karabulutun “Qarabağ zəfəri və Qars-İğdır-Naxçıvan dəmiryolunun önəmi” mövzulu məruzələri dinlənilib.

Professor H.Səfərli Naxçıvanda  beş min illik tarixi olan şəhər mədəniyyətinin formalaşması, inkişafı və bölgənin Azərbaycanın digər mədəniyyət mərkəzləri ilə mövcud olmuş əlaqələrindən bəhs edib.

Dövlət müstəqilliyinin bərpasından keçən qısa dövr ərzində əldə olunmuş rifah və inkişaf səviyyəsini təhlil edən məruzəçi Kerem Karabulut Azərbaycanın müasir inkişaf səviyyəsi, ordu quruculuğu sahəsindəki uğurlarından bəhs edib. Möhtəşəm Qarabağ zəfəri, bu qələbənin Azərbaycan, eləcə də mühüm strateji mövqeyə malik Naxçıvan üçün önəmindən danışıb. Yaxın gələcəkdə fəaliyyətə başlayacaq Qars-İğdır-Naxçıvan dəmiryolu xəttinin hər iki qardaş ölkə üçün mühüm iqtisadi əhəmiyyəti məruzənin aparıcı mövzusu olub.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Azərbaycanın dövlətçilik tarixin­də Naxçıvanın yeri və roluna dair” mövzulu məruzəsində bildirib ki, Naxçıvan Azərbaycanın dövlətçilik tarixində, qədim dövlətçilik ənənələrinin qorunub saxlanılmasında mühüm rol oynamışdır.

Azərbaycanın dövlətçilik tarixində Naxçıvanın yeri və rolundan söz açan alim bu ərazidə müstəqil və yarımasılı vəziyyətdə fəaliyyət göstərmiş bir sıra dövlət qurumları – Naxçıvanşahlıq, Azərbaycan Atabəylər dövləti, Naxçıvan tüməni, Naxçıvan xanlığı, Naxçıvan qəzası, Araz-Türk Cümhuriyyəti və Naxçıvan Muxtar Respublikası haqqında məlumat verib. Məruzədə muxtariyyət statusunun qazanılmasında, qorunub saxlanılmasında tarixi Moskva və Qars müqavilələrinin əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, əsası ümummilli lider Heydər Əliyev tərəfındən qoyulmuş inkişaf strategiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tərəfındən uğurla davam etdirilir. Bu məqsədyönlü fəaliyyət nəticəsində muxtar respublikanın hərtərəfli inkişafına nail olmuşdur. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir.

Plenar iclasın ardından konfrans “Naxçıvan Muxtar Respublikasının tarixi və arxeologiyası”, “Naxçıvan Muxtar Respublikasında elm, ədəbiyyat və folklor”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, təbii ehtiyatları” və “Naxçıvan Muxtar Respublikasının flora və faunası” başlıqlı bölmə iclaslarında öz işini davam etdirib.