AMEA Naxçıvan Bölməsi

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti növbəti dəfə toplandı


25.06.2021 / 16:44Tədbirlər



AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclasında Bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.

Bölmənin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov “Bərəmum bioloji fəal məhsuldur” mövzusunda elmi məruzə edib. Məruzədə ekoloji təmiz qida məhsullarından istifadənin insan sağlamlığında önəmi vurğulanıb. Təbii məhsul istehsal edən sahələrin inkişafının aktuallığı qeyd edən alim bildirib ki, hazırda Naxçıvan Muxtar Respublikası ərazisində 100 minə yaxın arı ailəsi mövcuddur. Naxçıvanın münbit təbii-coğrafi iqlim şəraiti və zəngin bitki örtüyü arıçılığın normal inkişafına şərait yaratmaqla bərabər, istehsal olunan arı məhsullarının tərkib və keyfiyyətinə öz müsbət təsirini göstərir.

Tədqiqatçı bitki və heyvan mənşəli məhsul olan bərəmumun hazırlanması, onun zəngin kimyəvi tərkibi, arı ailəsinin əlverişsiz mühit şəraiti və bəzi zərərvericilərdən qorunmasındakı rolundan bəhs edib. Qeyd olunub ki, bərəmumun tərkibi insan bədəninin bütün sistemlərinin normal işləməsi və daxili orqanları üçün zəruri olan 800-dən çox maddə ilə təmsil olunan bənzərsiz təbii məhsuldur. Bərəmum qiymətli dərman xüsusiyyətlərinə malik olan bioloji aktiv maddələr kompleksi olub, müasir tibbdə bir çox xəstəliklərin müalicəsində təsirli vasitə kimi tətbiq edilir. Bu möcüzəvi məhsul bir çox antibiotikdən üstündür, antibakterial və antivirus xassələrə malikdir. Zəhərlərin, ağır metalların duzlarının bədəndən xaric olunmasını təmin edir, bədənin əlverişsiz ətraf mühit amillərinə qarşı müqavimətini artırır. Bərəmum neyrodejenerativ, ginekoloji, dermatoloji xəstəliklərin, mədə, bağırsaq, boğaz ağrısı, prostat vəzinin müalicəsində, yara və yanıqların yaxşılaşdırılmasında əvəzedilməz dərmandır. Müəyyən edilmişdir ki, bərəmum ekstraktlarından istifadə edən şəkər xəstələri özlərini daha yaxşı hiss edir və müəyyən vaxtdan sonra dərman qəbul etməyə ehtiyac qalmır. Bərəmum ekstraktları orqanizmi zəruri olan maddələrlə zənginləşdirir və orqanların normal həyat fəaliyyətini təmin edir. Bu təbii məhsul qida əlavəsi və kosmetik vasitə kimi istifadə üçün perspektivlidir.

Məruzənin sonunda mövzu ilə bağlı müzakirə aparılıb, sual doğuran məqamlara aydınlıq gətirilib.

Daha sonra akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 1 iyun 2021-ci il tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər planından irəli gələn vəzifələrin icra vəziyyəti haqqında məlumat verib.

İclasda AMEA Naxçıvan Bölməsi Aparatının şöbə müdirləri dosent Orxan Bağırov, Filurə Sadıqova və mütəxəssis Gülvira Mustafayeva gündəlikdəki məsələlərlə bağlı çıxış ediblər. Çıxış edənlər AMEA Naxçıvan Bölməsinin 2021-ci ilin birinci yarımilinə aid elmi və elmi təşkilati fəaliyyəti, Bölmədəki vakant vəzifələrin tutulması üçün keçirilən test imtahanında uğur qazanmış namizədlər və  Dövlət İmtahan Mərkəzinin 2021-2022-ci tədris ili üçün doktorantura və dissertanturaya  xarici dil üzrə qəbul imtahanında iştirak barədə məlumatı diqqətə çatdırıblar. Yığıncaq müddətində gündəlikdə əksini tapan digər məsələlər Rəyasət Heyətinin gündəliyinə çıxarılaraq müvafiq qərarlar qəbul olunub.