AMEA Naxçıvan Bölməsi

Nizami Gəncəvi yaradıcılığı müzakirə olunub


18.06.2021 / 09:55Tədbirlər



Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində keçirilən növbəti yığıncaq “Oxunması zəruri olan kitablar”dan “Sirlər xəzinəsi” poeması və “Nizaminin hikmət və nəsihətləri” kitabının müzakirəsinə həsr olunub.

Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ölkə başçısı tərəfindən2021-ci ilin Azərbaycanda  “Nizami ili” elan edilməsi ilə bağlı Sərəncamını xatırladıb. Bildirib ki, bu mühüm sənəd Nizami Gəncəvi irsinin yenidən və daha dərindən tədqiqinə şərait yaradıb. Bölmə rəhbəri müxtəlif tədqiqatçıların Nizami yaradıcılığı ilə bağlı əsərlərindən sitatlar gətirərək görkəmli Azərbaycan şairinin dünya ədəbiyyatındakı rolundan danışıb. Alim söyləyib ki, Nizami Gəncəvi yüksək istedada malik, zəngin ədəbi və fəlsəfi məktəb yaradan şairdir. Onun əsrlər öncə qələmə aldığı müdrik fikirlər bu gün də aktuallığını qoruyub saxlamaqdadır. Bu isə Nizami dühasının mükəmməlliyindən xəbər verir.

“Nizami Gəncəvinin əsərləri tarixi şəxsiyyətlərin təsviri və tədqiqi cəhətdən mühüm əhəmiyyətə malikdir”,-deyən akademik bəzi nümunələri təhlil edib.

Alim ədəbiyyatımızın seçilən siması N.Gəncəvinin “Sirlər xəzinəsi” və “Nizaminin hikmət və nəsihətləri” kitabının “Oxunması zəruri olan kitablar siyahısı”na daxil edilməsinin əhəmiyyətini vurğulayıb. Bu sərəncamın insanın dünyagörüşününü inkişafına müsbət təsiri olduğunu bildirib.

Müzakirədə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Müdriklik kitabı: “Sirlər xəzinəsi”, “Nizaminin hikmət və nəsihətləri” mövzusunda məruzə edib. Məruzədə böyük Azərbaycan şairi Nizami Gəncəvinin elm, bilik, humanist ideallar, bəşəri dəyərlər əxz edən yaradıcılığı ilə bütün bəşər və dünya xalqlarının ehtiramla mütaliə etdiyi korifey sənətkar olduğu ifadə olunub.

Tədqiqatçı bu görkəmli sənətkarın həyat və yaradıcılığının mükəmməl şəkildə öyrənilməsinə yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlandığını, bu ənənənin hazırda da ölkəmizdə uğurla davam etdirildiyini söyləyib.

Vurğulanıb ki, şairin “Sirlər xəzinəsi” poeması gənc nəsillər üçün əsl humanist dəyərlər, vətənpərvərlik, əməksevərlik, xalqa bağlılıq təbliğ edən zəngin mənəviyyat kitabıdır. “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” kimi irihəcmli poemalar müəllifinin yaradıcılığında “Sirlər xəzinəsi”in ayrıca bir yeri və dəyəri var. Nizami yaradıcılığında kamil insan problemi əsas mövzudur. Xoşbəxtliyə gedən yolun haqdan, düzlükdən, adil cəmiyyətdən keçdiyini təlqin edən dahi şair halal zəhməti, elm və biliyi hər şeydən üstün tutur.

Məruzəsində milli-mənəvi dəyərlərin təbliğı məsələlərinə toxunan tədqiqatçı dünya mütəfəkkirlərinin fəlsəfi fikirləri ilə Nizaminin fəlsəfəsi arasında təhlillər apararaq eyniyyət təşkil edən məqamları təhlil edib. Onun Naxçıvanla əlaqələri də məruzədə öz əksini tapıb.

Daha sonra İnstitut əməkdaşlarından filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev və dosent Aygün Orucova müzakirə olunan əsərlərlə bağlı çıxış ediblər. Çıxışlarda şairin müdrik kəlamlarının ehtiva etdiyi dərin fəlsəfi fikirlər, rəqəm və simvollarda gizlənmiş bir sıra məsələlərə aydınlıq gətirilib. Nizami fəlsəfəsində aşılanan humanizm çıxışların əsas xəttini təşkil edib.