AMEA Naxçıvan Bölməsi

Milli dövlətçiliyimizin xilaskarı mövzusunda konfrans olub


14.06.2021 / 17:24Tədbirlər



AMEA Naxçıvan Bölməsində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib.

“15 İyun – Milli Qurtuluş Günü dövlətçilik ənənələrimizin qorunub saxlanılması, inkişafın yeni mərhələsinə keçidin təməlinin qoyulduğu tarixdir”, - bu fikri konfransı giriş söz ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev söyləyib. Natiq çıxışında ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm  sürən ağır siyasi vəziyyət, hərc-mərclik, ermənilərin əzəli torpaqlarımıza qarşı əsassız ərazi iddialarından bəhs edib. Bildirib ki, qeyd olunan dövrdə xalqın düçar olduğu acınacaqlı vəziyyət dövlət idarəçiliyinə səriştəsiz kəslərin gətirilməsi, milli təəssübkeşliyin olmamasından qaynaqlanırdı. 1990-cı ildə törədilən Qanlı Yanvar faciəsindən sonra Ulu öndər Heydər Əliyevin bu qırğına qətiyyətli və obyektiv münasibət bildirməsi, onun Naxçıvana gəlişi, buradakı fəaliyyəti dövründə nəinki Naxçıvan, bütövlükdə Azərbaycanın gələcək müstəqilliyinə yönəlmiş tarixi qərarların qəbul edilməsi dahi rəhbərin əsl xilaskar kimi şərəfli fəaliyyətinin nəticəsidir. Qətiyyətlə deyə bilərik ki, Heydər Əliyevin hakimiyyətə gəlişi zamanın tələbi idi. 15 iyun tarixi Azərbaycanın inkişaf və rifahının labüd başlanğıcı idi.

Ümummilli liderin ikinci dəfə siyasi hakimiyyətə gəlişi və bu siyasi epoxanın uğurlu nəticələrindən söz açan akademik Azərbaycanın iqtisadi inkişafı, diplomatik məharətlə qazanılan nailiyyətlər, ordu quruculuğu və siyasət meydanında atılan müvəffəq addımlardan bəhs edib. Alim çıxışı əsnasında tanınmış dövlət xadimlərinin Heydər Əliyev haqqında söylədikləri fikirlərdən sitatlar gətirərək dahi liderin xilaskarlıq missiyasına diqqət çəkib. Bu uzaqgörən siyasətin bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Daha sonra Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbovun “Böyük liderlik missiyası: Heydər Əliyevdən İlham Əliyevə” mövzulu məruzəsi təqdim olunub.

Məruzədə siyasi nəzəriyyəçilərin liderliyin tipologiyası, təsnifatı ilə bağlı fikirləri təhlil olunub. Qeyd olunub ki,lider haqqında müasir nəzəri təlimlərdə ümummilli liderlər bütövlükdə xalq və dövlət miqyasında, hətta ölkə hüdudlarından kənarda da real liderlik edə bilən şəxsiyyətlər kimi səciyyələndirilir. Onlar mövcud sosial-siyasi, iqtisadi və geosiyasi vəziyyəti ciddi surətdə dəyişmək qüdrətinə malik olurlar.

Azərbaycan xalqının Ulu öndəri, görkəmli dövlət xadimi Heydər Əliyev liderlikdən ümummilli liderliyə qədər inkişaf edən, həm ölkəsində, həm də dünyada əsl lider olaraq qəbul edilən fərqli şəxsiyyətdir. Liderlik haqqında dünya təlimindəki əksər keyfiyyətlər Heydər Əliyevin simasında ümumiləşir.

Məruzədə dahi rəhbərin liderlik istedadının müxtəlif kontekstlərdə təzahürlərinə nəzər salınmış, əsl lider və dövlət başçısı kimi unikal, təkrarolunmaz və XX əsrdə kimsənin yaşamadığı ibrətamiz həyat və mübarizə yolundan bəhs olunmuşdur. Bildirilib ki, bu dahi şəxsiyyətin çətin və mürəkkəb tarixi şəraitdə Naxçıvan Muxtar Respublikasını işğaldan xilasetməsi, yaşatması və inkişaf etdirməsi, bu həssas regionda Azərbaycanın ərazi bütövlüyünü qoruyub möhkəmləndirməsi də əsl liderlərə xas olan böyük xilaskarlıq ümunəsidir.

Məhz buna görədir ki, Azərbaycan xalqı müstəqillik dövründə səsləndirilən “xalq-Heydər, Heydər-xalq” şüarını bütün qəlbi ilə dərhal qəbul etdi. Sovet dövründə Heydər Əliyevin xalqla bir olması təcrübəsi insanlarda bu qüdrətli Liderə böyük inam, yüksək ehtiram və etibarlılıq hissi yaratdı. Bu, nəinki Azərbaycanın və türk dünyasının siyasi ənənəsində, hətta dünya miqyasında tarixi hadisə idi.

Ulu Öndərin sovet dövründə Azərbaycanı ölkə kimi, XX əsrin 90-cı illərində isə respublikamızı müstəqil dövlət kimi xilas etməsi prosesi bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Bu tarixi mərhələdə İlham Əliyev işğalçı Ermənistan üzərində savaşı qazanaraq sübut etdi ki, Azərbaycan nəinki müstəqil dövlət kimi inkişaf etməyə qadirdir, o həm də regionun aparıcı dövləti və qalib lideri olmaq qüdrətindədir. Bu çoxcəhətli fəaliyyət böyük iqtisadi inkişafı, milli mədəniyyəti, multikulturalizmi, enerji layihələrini, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası münasibətlərin təşkilini, regionda balansı saxlaya biləcək hərbi qüdrəti təmin etmək məsələlərini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın çoxəsrlik tarixi salnaməsinə Zəfər günü həqiqətlərini yazmaqla bərabər, həm də ölkəmizi bütün sahələr üzrə irəli aparmağı bacaran, beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli liderdir.

Daha sonra AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktoru dosent İlhami Əliyevin “Qurtuluş gününə gedən yol”, dosent Asəf Orucovun “Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışı” və dosent Zeynəb Quliyevanın “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzulu məruzələri dinlənilib. Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.