Sabahın tədqiqatçılarılayihəsinə yekun vuruldu
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin istedadlarının aşkar edilməsi istiqamətində bir sıra müsabiqələrin, bilik yarışlarının, fənn olimpiadalarının keçirilməsi, eləcə də innovativ layihələrin tətbiqi diqqətdə saxlanılır, icrası ilə bağlı müxtəlif səpkili tədbirlər keçirilir. Bu tədbirlərin davamı olaraq iyunun 8-i Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə “Sabahın tədqiqatçıları” layihəsinin yekunu ilə bağlı tədbir keçirilib.
Tədbirdə Təhsil naziri Rəhman Məmmədov təhsilə göstərilən dövlət qayğısından danışaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, təlim-tədris prosesi üçün yüksək tədris şəraiti yaradılmışdır. Yaradılan müasir tədris şəraiti təhsildə innovasiyaların, xüsusən də yeni təlim metodlarının və layihələrin tətbiqi üçün geniş imkanlar açmışdır.
Nazir qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2020-2021-ci tədris ilindən etibarən muxtar respublikanın təhsil müəssisələrində STEAM təhsil metodunun tətbiqinə başlanılmışdır. Bu işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri iyunun 7-də “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılacaqdır.Ümumtəhsil məktəblərində STEAM kabinələrinin yaradılması davam etdiriləcək və hər il şagirdlərin müxtəlif STEAM layihələri əsasında “STEAM təhsil festivalı” keçiriləcəkdir. Ümumi təhsil müəssisələrində STEAM təhsi metodunun tətbiqi ilə yanaşı, şagirdlərin istedad və bacarıqlarının aşkar edilməsinə və inkişafına, eləcə də şagirdlərin elmi axtarışlara sövq edilməsinə yönəlmiş bir sıra layihələr də tətbiq olunur. Bu layihələrdən biri də “Sabahın tədqiqatçıları” layihəsidir.
Təhsil naziri “Sabahın tədqiqatçıları” layihə çərçivəsində görülən işlərlə bağlı vurğulayıb ki, 2019-2020-ci tədris ilindən tətbiq edilən layihə çərçivəsində ötən dövr ərzində Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəbindən xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər AMEA Naxçıvan bölməsinin alimləri tərəfindən elmi himayəyə götürülmüşdür. Şagirdlərlə birgə laboratoriyalarda tədqiqatlar aparılmış, məruzə, tezis, referat və hesabatlar hazırlanmışdır. Ötən dövr ərzində tədqiqatların nəticələrindən ibarət sərgilər təşkil olunmuş, onlarla müsabiqə və yarışlar, elmi-təcrübi konfrans və seminarlar keçirilmişdir. Bu günədək ümumilikdə 50 elmi rəhbərin və 95 şagirdin iştirakı ilə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan 53 layihə üzrə tədqiqatlar aparılmışdır.Nazir qeyd edib ki, şagirdlərin tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməyə, onların müstəqil axtarışlara cəlb edilməsinə böyük töhfə olan “Sabahın tədqiqatçıları” layihəsinin növbəti tədris ilində də tətbiq edilməsi nəzərdə tutulmuşdur.
Təhsil naziri təhsilə göstərdiyi diqqət və qayğıya görə tədbir iştirakçıları, o cümlədən bütün təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib, “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçılarını tədris ili ərzində qazandıqları uğurlara görə təbrik edib.
Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Sabahın tədqiqatçıları” layihəsinin gənc nəsildə elmə marağın formalaşdırılmasında, innovativ biliklərin təkmilləşdirilməsində və təcrübəyə tətbiqində daşıdığı önəmindən danışıb. Layihə çərçivəsində xeyli sayda irəliləyişlərin qeydə alındığını, istər məktəblilərin, istərsə də Bölmə alimlərin tədqiqatlara göstərdikləri həssas yanaşmadan bəhs edib. Savadlı, intellektual gənc nəslin formalaşdırılmasının prioritet məsələlərdən olduğunu qeyd edən Bölmə sədri cəmiyyətin inkişafında elm və təhsilin, ixtisaslı kadr hazırlığının vacibliyini vurğulayıb. Muxtar respublikanın bütün təhsil müəssisələrində yaradılan hərtərəfli şəraitdən söz açaraq bildirib ki, elm və təhsilə göstərilən qayğı tədris prosesinin yaxşılaşdırılmasına, yeni-yeni layihələrin icrasına, uğurların əldə olunmasına başlıca səbəbdir. “Sabahın tədqiqatçıları” layihəsi də elmi potensialı artırmaqla yanaşı, gənc nəsildə mütəxəssislərlə işləmə bacarıqları formalaşdırır, gələcək peşə seçimlərinə müsbət təsir göstərir. Bu baxımdan layihə gələcək tədqiqatçıların yetişməsində xüsusi əhəmiyyət kəsb edir, onların yaradıcı düşünməsinə, istedadlarını inkişaf etdirməyə əlverişli şərait yaradır. Öyrənilən bir sıra biliklərin həm fərdi, həm də qrup şəklində tətbiqinə imkan verir.
Tədbirdə “Sabahın tədqiqatçıları” layihəsinin icraçısı, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova 2020-2021-ci tədris ilində “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində görülən işlər və qazanılan uğurlar barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd olunmuşdur ki, bu tədris ilində 23 elmi rəhbərin və 45 şagirdin iştirakı ilə 23 layihə işlənib hazırlanmış və 2 layihə üzrə işlər davam etməkdədir. Layihənin iştirakçılarından Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi “Sabahın alimləri” X Respublika Müsabiqəsində III yerə, Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin şagirdi XI Beynəlxalq elmi-praktik konfransda I yerə layiq görülmüş, digər layihə üzvlərindən 20 nəfəri öz layihələri ilə beynəlxalq müsabiqələrin müxtəlif dərəcəli sertifikatlarına layiq görülmüş, 10 layihə iştirakçısının məqaləsi yerli və xarici mətbuatlarda dərc olunmuşdur. Ümumilikdə layihə çərçivəsində beynəlxalq müsabiqələrdə 4 layihə I yerə, 3 layihə II yerə, 3 layihə 3-cü yerə layiq görülmüşdür.
Tədbirdə “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində şagirdlərin elmi yenilik və təcrübi vərdişlərə yiyələnmələri üçün müşahidələr aparmağın və onların nəticələrini ümumiləşdirməyin yollarından və layihə çərçivəsində görülən işlərdən bəhs edən videoçarx izlənilmişdir.
Sonra “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları apardıqları tədqiqat işləri barədə məlumat verdilər və təcrübələr apardılar. Layihə iştirakçılarının layihələri böyük maraqla qarşılanmışdır.
Tədbirin sonunda layihə iştirakçılarına və onların elmi rəhbərlərinə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin diplomları təqdim olunmuşdur. Tədbirdə həmçinin “Sabahın alimləri” X Respublika müsabiqəsində III yerin qalibi Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Zümrüd Babazadə, həmin müsabiqənin iştirakçıları Naxçıvan Qızlar Liseyinin XI sinif şagirdləri Səma Abdullayeva və Bəhriyyə Mustafayeva, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin X sinif şagirdi Nurgün Allahverdiyeva və XI sinif şagirdi Bəxtiyar İsmayılov, Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin X sinif şagirdi İnci Nəsirova, “Sabahın Alimləri” X Respublika Müsabiqəsində Biologiya fənni üzrə III yerin qalibi olmuş layihənin elmi rəhbəri - biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimova diplom və medallarla təltif olunmuşdur. Şagirdləri muxtar respublika və ölkə səviyyəli yarışlarda uğur qazandığına görə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin kollektivinə, həmçinin “Sabahın tədqiqatçıları” layihəsinə verdiyi təşkilati dəstəyə görə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin kollektivinə Təhsil Nazirliyinin təşəkkürnaməsi verildi.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib