AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının mineral suyu - Badamlı” mövzusunda elmi konfrans keçirilib. Badamlı mineral sular zavodunda baş tutan tədbiri giriş sözü ilə Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyev açıb. Alim elm və istehsalatın qarşılıqlı təsirindən bəhs edərək bildirib ki, istehsal prosesində qarşıya çıxan müxtəlif məzmunlu problemlərin həlli elmin inkişafına təkan verir, elm adamlarını yeni-yeni axtarışlara sövq edir. Böyük zəhmət tələb edən proseslərin avtomatlaşdırılması, yüksək texnoloji proseslərdən istifadə edilməsi, insan əməyinin əhəmiyyətli dərəcədə yüngülləşməsi bu inkişaf və təkmilləşmənin nəticəsidir. Bu amili fəaliyyətində əsas meyar kimi qəbul edən AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutu muxtar respublikanın müxtəlif sənaye müəssisələri ilə sıx əməkdaşlıqlarını davam etdirməkdədir.
Konfransda Təbii Ehtiyatlar İnstitutunun əməkdaşlarından kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova “Naxçıvan Muxtar Respublikasının mineral suları”, kiçik elmi işçi İlahə Seyidova “Mineral suların yayılma xüsusiyyətləri”, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov “Mineral suların fiziki-kimyəvi xüsusiyyətləri”, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayeva “Mineral suların müalicəvi əhəmiyyəti” və Badamlı MMC-nin laboratoriya müdiri Ziyafət Məmmədov “Badamlı zavodun yaranma tarixi və inkişafı” mövzusunda məruzə ediblər.
Məruzələrdə Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan mineral su ehtiyatları, onların yayılma xüsusiyyətləri, müalicəvi əhəmiyyəti və digər bir sıra mühüm məsələlərə diqqət çəkilib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası dünyanın ən zəngin mineral su ehtiyatlarına malikdir. 250 mineral su mənbəyinin mövcud olduğu muxtar respublikada mineral su bulaqlarının əsas fiziki-kimyəvi xüsusiyyətləri öyrənilərək sistemləşdirilmişdir.
Hər bir insanın suya olan gündəlik təlabatının qarşılanmasında mineral suların əhəmiyyətindən bəhs olunaraq vurğulanıb ki, muxtar respublika ərazisində mövcud olan mineral sular zəngin tərkibinə və insan orqanizminə olan faydasına görə xüsusilə qiymətlidir. Məruzələrdə mineral suların istər süfrə suyu kimi, istərsə də müalicəvi məqsədlərlə istifadə imkanları, növündən və tərkibindəki mineral duzların miqdarından, müxtəlif elementlərin və qazların olmasından asılı olaraq insan orqanizminə göstərdiyi fizioloji təsirlərdən bəhs olunub. Mənşəyinə görə mineral suların təbii və süni növləri haqqında, təbii mineral sulara mənsub 4 növ - hidrokarbonatlı, xlorlu, sulfatlı və bioloji aktiv sular haqqında ətraflı məlumat verilib. Kimyəvi tərkibindən və süzülmə üsulundan asılı olaraq mineral suların mövcud olan 4 texnoloji qrupu xarakterizə olunub. Sirab, Əshabi-kəhf, Badamlı mineral su yataqları haqqında dinləyicilərə müfəssəl məlumat verilib. Suların təbii formalaşmasında ərazinin relyefi, çay şəbəkəsi, geoloji mühiti və iqlimi kimi mühüm amillərin önəmi vurğulanıb. Konfransda həmçinin Badamlı zavodun yaranma tarixi, keçdiyi inkişaf yolu və müəssisənin qədəm qoyduğu yeni inkişaf mərhələsi ilə bağlı məlumatlar iştirakçıların nəzərinə çatdırılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Sonda konfrans iştirakçıları Badamlı mineral sular zavodu ilə tanış olublar.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib