AMEA Naxçıvan Bölməsi

Rəyasət Heyətinin növbəti iclası olub


26.05.2021 / 18:23Tədbirlər



AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası olub. Bölmənin rəhbəri, akademik İsmayıl Hacıyev iclas iştirakçılarını gündəliyə çıxarılan məsələlərlə tanış edib.

İclasda Bölmənin Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə Salayeva “Naxçıvan Muxtar Respublikası florasında yayılan bəzi qida və dərman əhəmiyyətli geofit bitkilər” mövzusunda məruzə edib. Naxçıvan Muxtar Respublikası florasının 176 fəsilə, 908 cins və 3021 növlə təmsil olduğunu qeyd edən məruzəçi bu zəngin bitki aləminin tədqiqi, səmərəli istifadəsi, bərpası və mühafizəsi məsələlərindən söz açıb. Qeyd olunub ki, muxtar respublika florasında dərman, efir yağlı, vitaminli, bal verən, qida, aşı maddəli, boyaq və bəzək əhəmiyyətli, lifli, kitrəli, qlükozidli, alkaloidli, kosmetik və digər bitki qrupları yayılmışdır. Bölgədə yayılan faydalı bitkilər içərisində geofitlər xüsusi yer tutur. Məruzədə qida və dərman əhəmiyyətli geofit bitkilərin səmərəli istifadəsinin yeni imkan və yollarının araşdırılmasının önəmi vurğulanıb. Zəfəran, mərəvçə (mərəçöyüd), çiriş, sarımsaq, soğan və başqa faydalı qida və dərman bitkilərinin istifadə qaydaları haqqında məlumat verilib. Mövzu ətrafında müzakirə aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

İclasda Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən AMEA-nın Naxçıvan Bölməsində vakant vəzifələrinin tutulması üçün keçirilmiş test imtahanının nəticələri müzakirə olunub. Mövzu ilə bağlı çıxış edən akademik İsmayıl Hacıyev bölmədə kadr potensialının artırılmasından, gənclərin elm sahəsinə cəlbi məsələsinə toxunub.

Sonra Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev AMEA Naxçıvan Bölməsində yaradılmış komissiyanın Nəbatat bağı və Ordubad rayonunun Aşağı Əylis kəndindəki Biokimyəvi tədqiqatlar laboratoriyası ərazisinə baxışın nəticələri ilə bağlı məruzə edib. Bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov iclasda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsinin 2020-2021-ci tədris ili üzrə yekunları haqqında məlumat verib. Qeyd olunub ki, layihə çərçivəsində Naxçıvan şəhər orta ümumtəhsil məktəblərinin 50 şagirdinin və AMEA Naxçıvan Bölməsindən 28 rəhbərin iştirakı ilə 29 mövzu üzrə layihə icra edilib. Layihə iştirakçıları müxtəlif beynəlxalq və respublika səviyyəli müsabiqələrdə iştirak edərək diplom və sertifikatlarla təltif olunublar. Bununla yanaşı iştirakçıların müxtəlif mətbuat orqanlarında məqalələri dərc edilib, bir kitabça hazırlanıb.

İclasda bölmə əməkdaşları tərəfindən elmi ekspedisiyalar zamanı əldə olunan müvəffəq nəticələr və gündəlikdəki digər məsələlərlə bağlı məruzələr dinlənilib, müvafiq qərarlar qəbul olunub.