Aşıq Ələsgər – 200mövzusunda elmi konfrans
AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi və muxtar respublikadakı ali təhsil müəssisələrinin iştirakı ilə “Aşıq Ələsgər - 200” mövzusunda elmi konfrans olub.
Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərin yaradıcılığına qısa nəzər salıb. Bildirib ki, onun əsərləri vətənpərvərlik, insansevərlik, el-obaya bağlılıq kimi yüksək insani keyfiyyətləri təcəssüm etdirən mükəmməl xəzinədir. Unikal aşıq sənətinin kamil bilicisi olmuş Dədə Ələsgər ədəbiyyatımızda aşıq yaradıcılığının yeni mərhələsinin banisidir. Onun yaradıcılığı ilə bağlı çoxsaylı tədqiqatlar aparılmış və müxtəlif səpkili araşdırmalar bu gün də davam etməkdədir.
Xalq danışıq dilinə doğmalığı, səlisliyi ilə seçilən Aşıq Ələsgər irsinin ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirildiyindən söz açan alim söyləyib ki, ustad Ələsgərin 150, 175, 190 illik yubileylərinin böyük təntənə ilə qeyd edilməsi, əsərlərinin böyük tirajla nəşr olunması və təbliği bütövlükdə ədəbiyyatımıza, mədəni irsimizə göstərilən qayğının təzahürüdür. Azərbaycan Respublikası Prezidentinin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 fevral 2021-ci il tarixli və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında” 22 fevral 2021-ci il tarixli Sərəncamları həmin diqqət və qayğının davamıdır. Konfransın məhz həmin Tədbirlər Planına əsasən keçirildiyini diqqətə çatdıran bölmə rəhbəri qeyd edib ki, AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının nəşrə hazırlanan xüsusi nömrəsi də Aşıq Ələsgər irsinin tədqiqinə həsr olunub. Akademik çıxışının sonunda ədəbiyyatımıza və ədiblərimizə göstərilən yüksək qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Konfransda Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Yadigar “Aşıq Ələsgər yaradıcılığının sənətkarlıq xüsusiyyətləri”, Naxçıvan Müəllimlər İnstitutunun professoru Yusif Səfərov “Aşıq Ələsgərin Naxçıvan səfəri”, Naxçıvan Dövlət Universitetinin dosenti İman Cəfərov “Aşıq Ələsgər yaradıcılığında ənənə və novatorluq”, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, dosent Nuray Əliyeva “Aşıq Ələsgər yaradıcılığının dil və üslub xüsusiyyətləri” və “Naxçıvan” Universitetinin kafedra müdiri, dosent Nüşabə Məmmədova “Aşıq Ələsgərin həyatı ilə bağlı dastan-rəvayətlər” mövzusunda məruzə ediblər.
Məruzəçilər görkəmli saz və söz ustadı Aşıq Ələsgərin keşməkeşli həyatı, zəngin bədii irsi, yaradıcılığının dil və üslub xüsusiyyətləri haqqında ətraflı məlumat verərək aşığın qoşma, gəraylı, dodaqdəyməz və təcnislərindən ibarət nümunələr üzərində təhlillər aparıblar. Konfransda həmçinin Aşıq Ələsgərin Naxçıvana səfəri, naxçıvanlılarla olan dostluq əlaqələri, Naxçıvan aşıq məktəbi nümayəndələri ilə münasibətləri diqqət mərkəzində olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib