AMEA Naxçıvan Bölməsi

Əli və Nino əsəri müzakirə olunub


18.05.2021 / 17:13Tədbirlər



AMEA Naxçıvan Bölməsində “Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan “Əli və Nino” əsərinin müzakirəsi keçirilib.

Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.  Əsərin mövzusu və günümüzlə səsləşən məqamlardan bəhs edən alim bildirib ki, 33 xarici dildə dünyanın 60-dan artıq ölkəsində nəşr olunan roman Şərq və Qərb mədəniyyətinin qovşağında yerləşən ölkəmizin təbliğində olduqca mühüm əhəmiyyətə malikdir. Əsərdə erməni, gürcü və azərbaycanlıların milli xarakteri, həyat tərzi, düşüncə və amalları böyük ustalıqla əsk olunub. Bu baxımdan ədəbiyyatımızı dünyaya tanıdan, tarixi reallıqlara, milli və beynəlmiləl məsələlərə diqqət çəkən “Əli və Nino”nun “Oxunması zəruri olan kitablar siyahısı”na daxil edilməsi xüsusilə önəmlidir“Oxunması zəruri olan kitablar haqqında” Sərəncamın muxtar respublika sakinlərinin mütaliəyə marağının artmasında rolundan söz açan bölmə rəhbəri bu təqdirəlayiq sərəncama görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Müzakirədə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşlarından filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Milli mühacirət və mücadilə ədəbiyyatının möhtəşəm əsəri “Əli və Nino” romanı”, dosent Elxan Məmmədov “Sevgi və tarix paralelliyində multikultural mesaj”, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova isə “Əli və Nino” əsərinin tədqiqi məsələləri” mövzusunda çıxış ediblər.

Çıxışlarda əsərin nəşri, mübahisəli müəlliflik məsələləsi, müxtəlif tədqiqatçıların araşdırmaları, irəli sürülən mülahizələr müzakirəyə cəlb olunub. Hadisələrin cərəyan etdiyi coğrafi məkan, baş verən hadisələr və onların canlı təsviri ilə bağlı təhlillər aparılıb. Dosent Ramiz Qasımov vurğulayıb ki, “Əli və Nino” Azərbaycan xalqının milli mücadiləsini əks etdirən mühüm əsərdir. Əsərin başlıca problemi Cənubi Qafqazda, o cümlədən Azərbaycanda ictimai-siyasi vəziyyət, xalqların mübarizələri və Azərbaycan xalqının tarixi taleyi məsələsidir. Alim çıxışında romandakı rəqəmlərin simvolizə etdiyi mənaları təhlilə cəlb edərək əsərdə gələcək nəslə bəslənilən ümid və gözləntilərdən bəhs edib.

“Əli və Nino” əsərini sevgi və tarix paralleliyində davam edən milli və bəşəri roman adlandıran dosent Elxan Məmmədov burada qarşılaşdırılan sevgi və müharibə anlayışlarına toxunub. Tədqiqatçı söyləyib ki, romanda hadisələrin fonunda Avropa və Asiya mədəniyyətlərini təcəssüm etdirən geyim, yemək, musiqi, memarlıq və digər məqamlar yüksək bədiiliklə müqayisə olunur. “Qarı düşmən dost olmaz” fikri əsərdə təsvir olunan erməni fitnəkarlığı, saxtakarlıq və uydurmaları vasitəsilə böyük ustalıqla oxucuya çatdırılır. Belə mühüm problemi isə hər hansı bir avropalı deyil, ürəyi Vətən sevgisi ilə döyünən vətənpərvər azərbaycanlı qələmə ala bilərdi.

“Əli və Nino” əsərinin tədqiqi məsələləri” mövzusunda çıxışında filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova Abbas Zamanov, Orxan Aras, Nuridə Atəşi və başqa tədqiqatçıların roman haqqında apardığı araşdırmaların nəticələrini müzakirə obyektinə çevirib. Əsərlə bağlı fikir ayrılıqlarına diqqət çəkən gənc tədqiqatçı həqiqətə söykənən fikirləri təhlil edib.

Sonda çıxış edən AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev əsərlə bağlı fikirlərini bildiriblər.

Qeyd etmək lazımdır ki, səmərəli keçən müzakirə dinləyicilər tərəfindən maraqla qarşılanıb, mövzu ilə bağlı yeni tədqiqat istiqamətləri müəyyənləşdirilib.