AMEA-nın Naxçıvan Bölməsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Alim ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyi dövründə ölkədə baş verən nəzərəçarpan inkişafdan bəhs edib. Dünyanın məşhur dövlət xadimlərinin onun haqqında söylədikləri fikirləri konfrans iştirakçılarının diqqətinə çatdıran bölmə rəhbəri bildirib ki, Heydər Əliyev uzaqgörənliyi, dərin biliyi, yüksək intellektuallığı, əsl natiqlik istedadı, xalqına, Vətəninə bağlılığı ilə seçilən şəxsiyyətdir. Ölkənin ən ağır günlərində ona sahib çıxan dahi rəhbərin seçdiyi düzgün strategiya və gələcəyə hesablanmış inamlı fəaliyyəti bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün öz labüd bəhrəsini verməkdədir.
Konfransda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisidir” mövzusunda məruzə edib. Məruzədə qeyd olunub ki, ötən əsrin 90-ci illərinin əvvəllərində parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanı xilas etmək missiyasını Heydər Əliyev öz üzərinə götürdü. Bu missiyanın uğurla həyata keçirilməsi nəticəsində Ermənistanın həyata keçirdiyi hərbi təcavüzün qarşısı alındı. Müharibənin ağır nəticələrinin aradan qaldırması, ölkənin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi, dünyaya siyasi və iqtisadi inteqrasiya sahəsində ardıcıl tədbirlər görüldü.1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı.
“Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan dövlətinin xarici siyasəti” mövzusunda məruzə edən AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev zəngin dövlətçilik təcrübəsinə malik Azərbaycanın yeni xarici siyasətində Heydər Əliyevin müəyyənləşdirdiyi ən mühüm və tarixi məsələlərdən söz açıb. Qeyd olunub ki, Ümummilli liderin həyata keçirdiyi ardıcıl tədbirlər sayəsində ölkəmiz beynəlxalq aləmdəki təcrid vəziyyətindən qurtuldu, xalqımızın üzləşdiyi ağlasığmaz çətinliklər dünya ictimaiyyətinə olduğu kimi çatdırıldı. Ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin möhkəmləndirilməsi beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsinə və inkişaf etdirilməsinə şərait yaratdı.
Vurğulanıb ki, bu gün Azərbaycanın xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi respublikamızın dünya miqyasında nüfuzunu xeyli artırmış, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının uğurlu davamı müstəqil dövlətimizin mövqelərinin daha da yüksələcəyindən xəbər verir.
Konfransda “Ümummilli lider Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda məruzə edən Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev azərbaycançılıq ideologiyasının keçdiyi inkişaf mərhələrinə nəzər salıb. Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə azərbaycançılığın inkişafına əlverişli ictimai-siyasi, elmi və mədəni-mənəvi şərait yaradıldığını söyləyən tədqiqatçı bu ideologiyanın mühüm sahələri olan ümumazərbaycançılıq hisslərinin, milli şüurun, Azərbaycan dilinin, mədəniyyətin, mənəvi dəyərlərin inkişafı və dünyada təbliği, gənc nəslin milli ruhda tərbiyə edilməsi kimi mühüm məsələlərdən söz açıb. Dinləyicilərin diqqətinə çatdırılıb ki, tarixi keçmişimiz, adət-ənənələrimiz, dövlətimizin bu günü və gələcəyi ilə sıx bağlı olan azərbaycançılıq məfkurəsinin dövlət siyasəti səviyyəsinə qaldırılması ulu öndərin adı ilə bağlıdır.
Həmin institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov məruzəsində “Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin Naxçıvan dövrü”ndən bəhs edib. Tədqiqatçı ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Naxçıvanda mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyətdən bəhs edərək bildirib ki, xalqımız məhz Heydər Əliyevin rəhbərliyi ilə bu problemin həllinə inanır, ümid və təkidlə onun respublika rəhbərliyinə qayıtmasını tələb edirdi. Ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi ilə Naxçıvanın, eləcə də bütün Azərbaycanın xilasının əsası qoyulmuş oldu. Onun ilk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. Heydər Əliyev muxtar respublikanı ağır iqtisadi böhrandan çıxartmaq, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə bir sıra mütərəqqi tədbirlər həyata keçirməyə başladı. Beləliklə, 1991-1993-cü illər arasında ümummilli lider Heydər Əliyev Naxçıvandakı hakimiyyəti dövründə Muxtar Respublikanı geniş tərəqqi yoluna çıxarmağı bacardı.
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib