Dünyada elə şəxsiyyətlər var ki, onlar öz fəaliyyətləri və əsərləri ilə təkcə bir nəslin deyil, bir neçə nəslin formalaşmasında mühüm rol oynayır.
Bu insanlar bütün həyatını müəyyən bir amal üzərində qurur, daim axtarışda olur, öz fəaliyyətləri ilə xalqın yoluna işıq salırlar. Azərbaycan tarixinin görkəmli nümayəndələrindən olan, AMEA-nın həqiqi üzvü, AMEA Naxçıvan Bölməsinin sədri, Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyev də belə şəxsiyyətlərdəndir. Yanvarın 21-də böyük alimin 70 yaşı tamam olur.
İsmayıl Hacıyev 1951-ci il yanvarın 21-də Culfa rayonunun Xanəgah kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Orta təhsilini uğurla başa vurmuş, 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, 1974-1977-ci illərdə Xanağa və Xoşkeşin kənd məktəblərində müəllim, 1978-ci ildən indiki Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərmişdir. Burada müəllim, baş müəllim, dosent, dekan müavini, dekan, 1996-1997-ci illərdə elmi işlər üzrə prorektor və 1997-2003-cü illərdə tədris işləri üzrə prorektor vəzifələrini uğurla icra etmişdir. 1992-ci ildə “Böyük Vətən müharibəsi illərində Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında naxçıvanlıların iştirakı (1941--1945-ci illər)” adlı namizədlik, 1999-cu ildə isə ”Naxçıvan Muxtar Respublikası Azərbaycanın dövlətçilik tarixində” adlı doktorluq dissertasiyalarını yüksək səviyyədə müdafiə etmişdir.
İsmayıl Hacıyevin əsl ziyalı, fədakar alim və vətənpərvər şəxsiyyət kimi formalaşmasında, sözsüz ki, onun böyüyüb boya-başa çatdığı ailəsinin böyük rolu olub. Alimin atası Muxtar müəllim doğma kəndində uzun müddət müəllimlik edib, tanınmış ziyalılardan biri olub. Ailəsində gördüyü düzgünlük, ədalət, zəhmətsevərlik kimi nəcib xüsusiyyətlər, elm və təhsilə verilən yüksək qiymət gənc İsmayıl Hacıyevi elm aləminə qədəm qoymağa və bu sahədə ucalmağa yönəldib.
Tarixçi alim Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsində çalışdığı illərdə bu ali məktəbin həyatında köklü müsbət dəyişikliklər baş verib, beynəlxalq əlaqələr genişlənib, humanitar və ictimai elmlərin inkişafı yönündə taleyüklü qərarlar qəbul edilib.
İsmayıl Hacıyev 2003-cü ildən etibarən AMEA Naxçıvan Bölməsinin sədri vəzifəsində çalışır. Görkəmli alimin muxtar respublikanın bu elm ocağında fəaliyyətə başlaması ilə Naxçıvan Bölməsində bütün elmlərin inkişafında yeni mərhələ başlayıb. O, bölmənin ictimai həyatında yaxından və fəal iştirak edərək bir sıra beynəlxalq elmi konfransların keçirilməsinə, xarici ölkələrin elmi qurumları ilə əlaqələrin yaradılmasına mühüm töhfələr verib. Geniş elmi dünyagörüşü, elm yolunda böyük zəhmətsevərlik və məsuliyyət nümayiş etdirməsi onun nailiyyətlərinin əsas səbəbləridir. Böyük alim Naxçıvandakı elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirir. Naxçıvanın tarixinə, xüsusən onun yeni və ən yeni dövr tarixinə ruhən çox bağlı olan İsmayıl Hacıyev bu gün də muxtar respublikada baş verən ictimai-siyasi, elmi proseslərdə yaxından iştirak edir. Akademik İsmayıl Hacıyevin universal tədqiqatlarında Naxçıvan mövzusu xüsusi yer tutur.
Səmimi və qayğıkeş insan olmaqla yanaşı, İsmayıl Hacıyevi Azərbaycan xalqına sevdirən ən gözəl xüsusiyyətlərindən biri də onun nikbin, mərhəmətli, humanist və xeyirxah olmasıdır. Ona müraciət edənlərə hər zaman kömək edir. Fəaliyyətə yeni başlayan tədqiqatçıların və tələbələrin dostu, böyük bir tarixi-elmi məktəbin yaradıcısı olan alim gənclərin elm sahəsində uğurlar qazanmasına həssaslıqla yanaşır. Yeni nəslin vətənpərvər ruhda formalaşması, elmə maraq göstərməsi, cəmiyyət üçün faydalı insan kimi yetişməsi naminə əlindən gələni əsirgəmir. Belə bir alimlə eyni dövrdə yaşamaq, onunla ünsiyyətdə olmaq imkanı mənim üçün böyük xoşbəxtlikdir. Elmi işçi kimi fəaliyyət göstərdiyim müddətdə akademik İsmayıl Hacıyev mənə dəstək göstərərək, elmi baxışlarımın formalaşmasında böyük rol oynayıb. Hər zaman İsmayıl Hacıyevin əsərlərini maraqla mütaliə edərək, onun səlis və məzmunlu nitqini dinləyərək bəhrələnib, mənəvi qida almışam. Bütün bunlar məni tarixlə, Vətən tarixi ilə və tədqiqatçılıqla daha da bağlayıb.
Naxçıvanın yeni dövr tarixşünaslığında özünəməxsus yer tutan akademik İsmayıl Hacıyevin 55 kitab, monoqrafiya, dərs və tədris vəsaitləri, kitabçaları, 450-dən çox elmi məqaləsi (70-i xaricdə) nəşr edilmişdir. Tanınmış alim kadr hazırlığı sahəsində də uğurla fəaliyyət göstərmiş, 20 nəfər fəlsəfə doktoru, 9 nəfər elmlər doktorunun elmi rəhbəri və məsləhətçisi olmuşdur.
Təkcə muxtar respublikanın deyil, Azərbaycanın elmi-ictimai həyatında İsmayıl Hacıyevi hər kəs parlaq zəka sahibi və alicənab şəxsiyyət kimi tanıyır. Dəyərli alimimiz bu gün də yorulmaz fəaliyyəti, maraqlı tədqiqatları, yüksək prinsipiallığı və əsl vətəndaş mövqeyi ilə Azərbaycan elminin inkişafına şərəflə xidmət edir.
Milli tarix elmimizə sanballı töhfələr vermiş görkəmli alim Nyu-York Elmlər Alademiyasının(ABŞ), Bioqrafiya İnstitutunun (ABŞ) üzvü seçilmiş, Ümummilli lider Heydər Əliyevin 90 illiyi xatirə medalı, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi xatirə medalı, Naxçıvan Muxtar Respublika mükafatı (2019), AMEA Rəyasət Heyətinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanları ilə təltif edilmişdir.
Ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti, Heydər Əliyev siyasəti və Azərbaycan tarixi məsələləri, Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvanın yeri, Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvanla əlaqələri, Araz-Türk Respublikasının tarixi, Naxçıvan bölgəsinin ərazi taleyi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi tarixi, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və soyqırım siyasəti və s. məsələlər Azərbaycan elminə çox sayda tarixçi bəxş etmiş alimin elmi fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.
Hörmətli İsmayıl müəllim, Sizi 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm. İnanıram ki, hələ uzun illər bütün tarixçilər, tədqiqatçılar və bütövlükdə elm ictimaiyyəti üçün enerji ilə yazıb-yaradacaq, tarixin neçə-neçə açılmamış səhifəsini işıqlandıracaqsınız. Doğum gününüz mübarək!
Yaşar RƏHİMOV
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu
Tarix üzrə fəlsəfə doktoru
Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev AMEA Naxçıvan Bölməsinin qonağı olub
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür
AMEA-nın Naxçıvan Bölməsi 2024-cü il üzrə yekun hesabatını təqdim edib