Hacı Qadir İbrahim oğlu Qədirzadə 1948-ci il may ayının 20-də Naxçıvan (indiki Babək) rayonunun Cəhri kəndində anadan olmuşdur.
1967-ci ildə APİ-nin Naxçıvan filialının tarix ixtisasına qəbul olunmuş1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Cəhri kənd orta məktəbində müəllim işləmişdir. 1975-ci il iyun ayından Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi, 1979-1986-cı illərdə Arxeologiya, Etnoqrafiya və Folklor şöbəsinin, 1987-1992-ci illərdə Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1992-2001-ci illərdə Naxçıvan Regional Elm Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmış, 2003-cü ildən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyətini davam etdirmişdir. O, 1983-cü ilin dekabrında Moskva şəhərində, SSRİ EA Etnoqrafiya İnstitutunda namizədlik dissertasiyası müdafiə edib tarix elmləri namizədi elmi dərəcəsi almışdır.
Hacı Qadir Qədirzadənin əsas tədqiqat obyekti ailə-məişət məsələləri, islama qədərki inamlar sistemi, etnik-mədəni münasibətlər, Nuh peyğəmbər, Dünya Tufanı və Naxçıvan məsələləri, Türk Ata nəzəriyyəsi, tanrıçılıq sistemi, xalq müalicə üsulları, maddi və mənəvi mədəniyyətin vəhdəti və digər məsələlərdir. Bunlarla yanaşı xalq tərbiyəsi, milli uşaq oyunları, etnodemoqrafik problemlərin araşdırılması sahəsində SSRİ EA Tərbiyənin ümumi Problemləri İnstitutunda “Xalq Oyunları Şurası”nın, Xalq Pedaqogikasının üzvü seçilməklə SSRİ EA Folklor Şurası və digər sahə institutları ilə sıx əməkdaşlıq etmişdir. O, 2004-cü ildə “Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr” adlı mövzuda doktorluq dissertasiyası müdafiə edib tarix elmləri elmi dərəcəsi almış, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2006-cı ildə “İcmalararası münasibətlər” proqramına uyğun olaraq ABŞ-ın Dallas şəhərində olmuş və buradakı qarşılıqlı fəaliyyətə görə şəhərin meri tərəfindən “Dallas şəhərinin fəxri vətəndaşı” adlandırılmışdır. Fəaliyyəti dövründə Rusiya, Qazaxıstan, Gürcüstan, Türkiya, İran, İraq və başqa ölkələrdə müxtəlif səviyyəli beynəlxalq simpozium, qurultay, konfrans və digər elmi məclislərdə iştirak etmişdir. 400-ə yaxın elmi, elmi-kütləvi (o cümlədən qəzet məqaləsi) məqalə və 7-si həmmüəllifli olmaqla 20 kitabın müəllifidir. Hacı Qadir İbrahim oğlu Qədirzadə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Həmçinin o, “Dünya və insan: Başlanğıcın sonu, sonun başlanğıcı” kitabına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatına layiq görülmüşdür.
2018-ci ildə vəfat etmiş və Cəhri kənd qəbiristanlığında dəfn olunmuşdur.
Əsas elmi əsərləri:
1. Əshabi-Kəhf: müqəddəslik, tarixilik, inamların genezisi. Bakı: Elm 2002, 368 s.
2. Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr, Bakı: Elm 2003, 368 s.
3. Adetler, inançlar, türklerin soy kütügü. Ankara, 2005.
4. Həzrəti İnsan. Bakı: Elm, 2005, 104 s.
5. Cəhriçay vadisi: m.ö. IV minillikdən günümüzədək (tarixi etnoqrafik araşdırma). Naxçıvan: Qızıl Dağ, 2007, 160 s.
6. Nuh peyğəmbər, Dünya Tufanı və Naxçıvan. Naxçıvan, 2008.
7. Türkün müalicəsi-türkaçarə. Naxçıvan, 2010.
8. Naxçıvan: Nuh Baba və Türk atadan gələn yol. Naxçıvan, 2011.
9. Milli-mənəvi dəyərlərimiz: Bayramlar, mərasimlər, adətlər, münasibətlər. Naxçıvan: Əcəmi, 2012, 128 s.
10. Naxçıvan: Nuh baba və Türk atadan gələn yol (rəvayətlər, baxışlar, tarixi həqiqətlər). Naxıvan: Əcəmi, 2011, 192 s.
11. Milli mətbəximiz, qonaqpərvərlik. Naxçıvan; 2012.
12. Tanrıçılıq vəəbədi həyat məsələsi. Naxçıvan; 2013.
13. Qədim Ordubad (həmmüəllif). Naxçıvan, 2014.
14. Muxtariyyət dövründə Naxçıvanda kənd ailəsi (1924-1984). Naxçıvan, 2015.
15. “Kitabi Dədə Qorqud” və Naxçıvan: qarşılaşdırmalı etnoqra-fik motivlər. Naxçıvan: Əcəmi, 2016, 128 s.
16. Dünya və insan: Başlanğıcın sonu, sonun başlanğıcı. Naxçı-van: Əcəmi, 2016, 200 s.
Səbuhi Məmmədalı oğlu İbrahimov
Tariyel Hüseynəli oğlu Talıbov
Toğrul Fərman oğlu Xəlilov
Nuray Yadigar qızı Əliyeva