Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə Rusiya Federasiyasının Novosibirsk Bölməsi, Polşa Elmlər Akademiyasının Krakov Bölməsi, Fransa Respublikası Milli Elmi Araşdırmalar Mərkəzinin Arxeologiya Laboratoriyası, İran İslam Respublikasının Marağa Astronomiya və Astrofizika Elmi-Tədqiqat İnstitutu, Türkiyə Cümhuriyyətinin Dil Qurumu, İğdır Universiteti, Şimali Makedoniya Respublikasının “Vision” Universiteti arasında əməkdaşlıq protokolu imzalanmışdır.
Bölmə Qazaxıstandakı Beynəlxalq Türk Akademiyası, Türkiyə Cümhuriyyətinin İstanbul, Ərzurum, Konya, Kars, İğdır Universitetləri, İran İslam Respublikasının Tehran Universiteti, Təbriz Dövlət Universiteti, Təbriz Milli Kitabxanası, Krım Astrоfizika Rəsədxanası və Rusiya Federasiyasının Moskva Dövlət, Tomsk Universitetləri,Yer Maqnetizmi, İоnоsferi və Radiо Dalğalarının Yayılması İnstitutu, Ümumdünya Təbiəti Mühafizə Fondu, ABŞ-ın Pensilvaniya, Corciya Universitetləri, Avstraliyanın Monaş Universiteti, Şimali Makedoniya Respublikasının “Vision” Universiteti, Fransa Respublikasının Milli Elmi Araşdırma Mərkəzi, Gürcüstan Respublikasının Batumi Botanika bağı, ümumilikdə 8 ölkənin 30-a yaxın elm və təhsil mərkəzləri ilə səmərəli əməkdaşlıq etmiş və bu əlaqələr davam etməkdədir.
Beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyası 2006-cı ildən başlayaraq fəaliyyət göstərir. Ekspedisiya 2006-2013-cü illərdə Ovçulartəpəsi və Duzdağda, 2013-cü ildən başlayaraq isə Kültəpə və onun ətrafında araşdırma aparır. Tədqiqat zamanı Ovçulartəpəsinin Kür-Araz mədəniyyətinin yaranma ocağı olduğu müəyyən edilmişdir. Araşdırmaların nəticələri beynəlxalq jurnallarda və kitablarda nəşr edilmişdir. Arxeoloji araşdırmalar göstərir ki, Cənubi Azərbaycan, o cümlədən Urmiya hövzəsindəki Neolit və Eneolit abidələrində istifadə olunan obsidianın 95% Naxçıvan yaxınlığındakı Sünik yatağından aparılmışdır. Kültəpə ətrafındakı Eneolit abidələrinin tədqiqi Naxçıvanda 50% Göyçə, 49 % Sünik obsidianından istifadə olunduğunu və Urmiya hövzəsi yaşayış yerlərinin obsidianla təmin olunmasında Naxçıvanın mühüm strateji nöqtə olduğunu göstərir. Beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyasının üzvləri həmçinin Kültəpə, Uçan Ağıl və Şorsu yaşayış yerlərində kiçik həcmli arxeoloji qazıntılar aparmış və bu abidələrdən aşkar olunan arxeoloji materialların tədqiqi ilə məşğul olmuşlar. Tədqiqat zamanı Kültəpənin Cənubi Qafqazda ən qədim Neolit məskəni olduğu müəyyən olunmuşdur.
Beynəlxalq Azərbaycan-ABŞ arxeoloji ekspedisiyası 2006-cı ildən başlanmış II Kültəpə və Maxta Kültəpəsində arxeoloji qazıntılar aparılmış, Arpaçay vadisinin abidələri tədqiq edilmişdir. 2008-ci ildən Azərbaycan-ABŞ arxeoloji ekspedisiyası Şərur rayonunda Oğlanqala və onun ətrafında, o cümlədən Qızqala yaşayış yerində araşdırmalar aparır. Araşdırmalara əsasən müəyyən olunmuşdur ki, Oğlanqala və Qızqala arasında 487 hektar sahəni əhatə edən böyük şəhər dövlət olmuşdur ki, dövrünə görə Cənubi Qafqazda ən böyük yaşayış məskənidir. Bu dövlət e.ə. I minillikdə Urartu dövlətinə qarşı mübarizə apararaq xarici işğalçılara qarşı uğurla mübarizə aparmışdır.
Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu (WWF) ilə əməkdaşlıq
Ulu öndər Heydər Əliyevin muxtar respublikaya rəhbərliyi dövründə əsasını qoyduğu təbiəti mühafizə tədbirləri bu gün Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə muxtar respublikada əlverişli ekoloji mühitin yaradılması məqsədilə dövlət proqramları qəbul edilmiş, ardıcıl tədbirlər görülmüşdür. Muxtar respublika ərazisinin 27 faizdən çoxunun xüsusi mühafizə olunması, fauna ehtiyatlarının qorunması məqsədilə ova qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən işlər dünyanın bir çox nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir.
Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Qafqaz Təmsilçiliyinin muxtar respublikamızda təbiəti mühafizə sahəsində görülən işləri çox yüksək qiymətləndirməsi bunu bir daha təsdiq edir.
2006-cı ildən başlayaraq AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşları Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu (WWF) ilə əməkdaşlıq edir. Əməkdaşlığın əsas məqsədi muxtar respublika ərazisində yayılan nadir və nəsli kəsilmək üzrə olan vəhşi heyvan növlərinin aşkara çıxarılması, qorunma strategiyalarının hazırlanması və dünyada təbliğ olunmasından ibarətdir. Elə bu məqsədlə də İDEA və WWF təşkilatları tərəfindən alınmış çoxlu sayda xüsusi markalı foto-tələlərdən (Bushnel, Cudde back, Panthera və s) istifadə olunur. Bu cür foto-tələlər heyvanları ürkütmədən və onların yaşam tərzinə müdaxilə etmədən onların həm şəkillərini, həm də video görüntülərini əldə etmək imkanı yaradır.
Bu illər ərzində keçirilən monitorinqlər zamanı bir çox nadir heyvanların (Bəbir-Panthera pardus saxicolor, muflon-Ovis orientalis, Xəzər uları-Tetraogallus caspius, Çöl pişiyi - Felis silvestrisvə s.) şəkil və video görüntüləri əldə edilmişdir.
2012-ci ildə Qafqaz ekoregionunda ilk dəfə olaraq bəbir (Panthera pardus) şəkili çəkilmiş və bu haqda bir çox nüfuzlu jurnallarda məqalələr dərc edilmişdir. Quraşdırılmış foto-tələlər vasitəsi ilə 2019-cu ilin sonunda Akademik H.Ə.Əliyev adına Zəngəzur Milli parkında Soyuq dağ ərazisində dünyaya gəlmiş bir cüt bəbir balası qeydə alınmışdır. 2020-ci ilin may ayında həmin ərazidə keçirilən monitorinq zamanı həmin bir cüt bəbir balası yenidən foto-tələlər vasitəsi ilə qeydə alınmışdır. Sevindirici haldır ki, həmin körpə bəbir balaları artıq böyümüş və müstəqil həyata başlamağa hazırdırlar. Tədqiqatlar nəticəsində sübut olunmuşdur ki, bəbirlər Naxçıvan Muxtar Respublikasında artıb çoxalaraq Qafqaz ekoregiona yayılırlar.
Əbülfəz Aman oğlu Quliyev
Fəxrəddin Aydın oğlu Eylazov
Rəşad Əli oğlu Zülfüqarov
Nuray Yadigar qızı Əliyeva