AMEA Naxçıvan Bölməsi

Oxunması zəruri olan növbəti kitab müzakirə edilib


05.10.2021 / 15:24Tədbirlər



AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan “Mister Hemferin xatirələri” (İngilis casusunun etirafları) kitabı müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, biologiya elmləri doktoru İsmayıl Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamının əhəmiyyətindən, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, dünyagörüşünün formalaşmasında mühüm rolundan bəhs edib. Əsər haqqında qısa məlumat verən alim öz təəssüratlarını müzakirə iştirakçıları ilə bölüşüb.

Bioresurslar İnstitutunun kiçik elmi işçisi Qədir Məmmədovun “Radikalizm və məzhəbçilik” mövzusunda məruzəsi dinləyicilər tərəfindən maraqla qarşılanıb. Gənc tədqiqatçı kitab haqqında müfəssəl məlumat verməklə yanaşı, İngiltərənin müstəmləkəçilik siyasəti, insanların sahib olduğu inanclardan istifadə etməklə milli və dini ədavətin süni şəkildə formalaşdırılması kimi diqqət çəkən məqamlara toxunub.

İştirakçıların fəallığı ilə fərqlənən müzakirədə gənc əməkdaşlardan Günay Zeynalova, Səkinə Baxşəliyeva, Gülşad Məmmədova, Aytac Quluzadə və Səidə Bayramova çıxış ediblər. Çıxış edənlər əsəri fəsillər üzrə təhlil etmiş, türk xalqlarına, islam ölkələrinə qarşı mövcud olan qərəzli münasibətdən bəhs etmişlər. Vurğulanıb ki, Vətənini, xalqını sevən hər bir gənc onun keşiyində ayıq-sayıq dayanmalı, vətəndaşlıq vəzifəsini şərəflə yerinə yetirməlidir.

Tədbirin sonunda sual doğuran bəzi məsələlərə aydınlıq gətirilib.