AMEA Naxçıvan Bölməsi

Araz-Türk Respublikası mövzusunda tədbir keçirilib


01.10.2021 / 12:48Tədbirlər



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı, AMEA Naxçıvan Bölməsi əməkdaşlarının iştirakı ilə “Araz-Türk Respublikası” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Mərkəzin elmi katibi Nihad Tarverdiyev açaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi, qədim mədəniyyətlərin mərkəzində dayanan Naxçıvanın çətin, mürəkkəb və eyni zamanda şərəfli inkişaf və tərəqqi yolu keçməsindən bəhs edib. Qeyd edilib ki, Naxçıvan Azərbaycanın dövlətçilik mərkəzlərindən biri və zəngin dövlətçilik ənənələrimizi özündə birləşdirən diyardır.
Çıxış zamanı vurğulanıb ki, Araz-Türk Respublikası 1918-ci ilin noyabr ayında çox mürəkkəb ictimai-siyasi şəraitdə Naxçıvan əhalisinin təşəbbüsü ilə yaranmışdır. Araz-Türk Cümhuriyyətinin müstəqillik tariximizdəki müstəsna xidmətlərini və siyasi əhəmiyyətini nəzərə alaraq, fəaliyyətinin elmi əsaslarla tədqiq edilməsi və öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 24 sentyabr 2019-cu il tarixdə Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında Sərəncam imzalamışdır.
Zəngin dövlətçilik ənənələrinə malik Naxçıvan milli istiqlaliyyət tariximizdə xüsusi yer tutur. Araz-Türk Respublikasının yaradılması Naxçıvanın muxtariyyət statusuna doğru atılmış tarixi adım idi. Araz-Türk Respublikası qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq bölgənin taleyində, daşnak hücumlarından qorunmasında mühüm rol oynamış, qısa zaman kəsiyində əldə olunmuş nailiyyətlər təkcə o dövr üçün yox, bütövlükdə bölgənin gələcəyi üçün böyük əhəmiyyətə malik olmuşdur.
Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev bildirib ki, Araz-Türk Respublikasının yarandığı tarix Naxçıvanın olduqca ağır dövrünə təsadüf edirdi. Çətin bir dövrdə köməyə gəlmiş Osmanlı ordu hissələri Naxçıvanı tərk edib getdikdən sonra Naxçıvan işğalçı erməni daşnaklarının amansız hücumlarına məruz qalmışdı. Naxçıvan diyarını müdafiə etmək üçün tez bir zamanda könüllü xalq dəstələri - taborlar yaradılmağa başlandı. Sənədlərdə olan məlumatlara görə, xalq dəstələrinin sayı 20-yə çatırdı. Həmin taborlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə, qalanları Ordubad, Mehri, Vedibasar və digər ərazilərdə yerləşdirilmişdi. Taborların yaradılmasında Osmanlı dövlətinin 9-cu ordu komandanlığının böyük xidmətləri olmuşdur. Müəyyən səbəblər üzündən Araz-Türk Cümhuriyyəti 1919-cu ilin mart ayında süquta uğradı. Amma buna baxmayaraq, çox azacıq bir müddətdə fəaliyyət göstərən bu dövlət qurumu Naxçıvanın erməni daşnaklarının əlinə keçməsinə imkan vermədi. Elə döyüşlər apardı ki, bu gün onları təsvir edəndə həmyerlilərimizin hünərinə, şücaətinə heyran qalmaya bilmirsən.
Daha sonra çıxış edən AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov diqqətə çatdırıb ki, akademik İsmayıl Hacıyevin müəllifi olduğu “Araz-Türk Cümhuriyyəti” adlı kitab Naxçıvanşünaslıq elmi xəzinəsinə bir töhvədir. Müəllif haqlı olaraq Naxçıvan tarixinin tədqiqi sahəsində görülmüş və görüləcək işlərin sırasında Araz-Türk Cümhuriyyətinin tarixi məsələsini araşdırmağı zəruri və vacib hesab etmiş və bu sahədə mövcud boşluğun aradan qaldırılması işinə uğurla nail olmuşdur. Kitabın praktiki əhəmiyyətini xüsusilə qeyd edən tədqiqqatçı bildirib ki, Naxçıvan tarixi ilə məşğul olan tədqiqatçılar, Azərbaycan dövlətçilik tarixi ilə maraqlananlar, eləcə də ictimai elm nümayəndələri bu kitabdan istifadə edə bilərlər.
Tədbirin sonunda Mərkəzdə yaradılan “Ümummilli lider Heydər Əliyev”, “Şərq qapısı”-100, “İsmayıl Hacıyev”-70, “Qars müqaviləsi”-100, “Yeni nəşrlər”, “Oxunması zəruri olan kitablar” adlı başlıqlardan ibarət sərgiyə baxış olmuşdur.