AMEA Naxçıvan Bölməsi

Rəyasət Heyətinin növbəti iclası keçirilib


20.09.2021 / 17:05Tədbirlər



AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti yığıncağı keçirilib. İclası giriş sözü ilə açan Bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Bölmə rəhbəri AMEA Naxçıvan Bölməsinin yeni təsdiq edilmiş Əsasnaməsi və Naxçıvan Muxtar Respublikasında elm sahələrinin prioritet istiqamətlər üzrə inkişafını təmin etmək məqsədilə qarşıda duran vəzifələrdən bəhs edib.

Sonra AMEA Naxçıvan Bölməsi Aparatının Təchizat və xidmət şöbəsinin əməkdaşı İlham Cəfərov 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti haqqında məruzə edib. Məruzədə bildirilib ki, bölmənin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutları və tabe qurumların inzibati binalarında qaz, su, işıq və istilik sistemlərinə texniki baxış keçirilmiş, ehtiyac duyulan təmir işləri aparılmış, yarana biləcək nöqsanların qarşısının alınması istiqamətində ehtiyat tədbirləri həyata keçirilmişdir.

İclasda həmçinin elmi məqalələrin beynəlxalq standartlara uyğun hazırlanmasının 2021-ci il üzrə fəaliyyət planı, elmi-tədqiqat müəssisələrinin rüblük hesabatlarının hazırlanma vəziyyəti ilə bağlı məruzələr dinlənilmiş, gündəlikdəki digər məsələlər Rəyasət Heyətinin müzakirəsinə çıxarılaraq müvafiq qərarlar qəbul olunmuşdur.