AMEA Naxçıvan Bölməsi

Yarım ilin yekunları və qarşıya qoyulan vəzifələr müzakirə olunub


23.07.2021 / 14:59Tədbirlər



AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclasında qarşıya qoyulan vəzifələr və yarım ilin yekunları müzakirə olunub.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış beşinci sessiyasında AMEA Naxçıvan Bölməsinin qarşısına qoyulan mühüm vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Cari ilin altı ayı ərzində yerinə yetirilən işlər, əldə olunan nailiyyətlər haqqında məlumat verən natiq bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi yarım ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin verdiyi sərəncam, qərar, tapşırıq və tövsiyələri layiqincə yerinə yetirməyə çalışıb.

Bölmənin 256 nəfər əməkdaşından 2 akademik, 4 müxbir üzv, 4 elmlər doktoru, 53 fəlsəfə doktoru, 29 doktorant və dissertant olmaqla, 92 nəfər elmi işçi tədqiqatlarda iştirak edir. Əməkdaşlardan 68,5 faizinin elmi dərəcəsi, 51,1 faizinin isə elmi adı vardır.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı 8 Dövlət Proqramı üzrə tədqiqatlar davam etdirilmiş müxtəlif nüfuzlu jurnallarda elmi məqalələr, o cümlədən KİV-də yazılar çap olunmuşdur.

Cari ilin birinci yarısında Bölmə əməkdaşlarının 10 monoqrafiyası, 5 kitabı, 240 elmi məqaləsi, 122 konfrans materialı, 1 tezisi olmaqla 378 elmi əsəri çap olunmuş, bir xəritə tərtib edilmişdir. Əsərlərdən 3 monoqrafiya, 49 məqalə, 50 konfrans materialı xaricdə nəşr olunmuşdur. Məqalələrin 33-ü impakt faktorlu jurnallarda çapdan çıxıb, bunlardan 7-si Clarivate Analytics (Thomson Reuters) indekslidir. Elmi əsərlərin keyfiyyət göstəricilərinin artması ilə əlaqədar olaraq cari ilin 6 ayı ərzində əməkdaşların əsərlərinə 704 istinad qeydə alınıb. “Elmi əsərlər” və “Axtarışlar” jurnallarının hər birinin 2 nömrəsi nəşr olunub. Bölmə əməkdaşlarının müxtəlif qəzetlərdə və internet portallarında məqalələri dərc olunub, 30 əməkdaş 35 beynəlxalq tədbirdə məruzə edib. İlin birinci yarısında AMEA Naxçıvan Bölməsi üzrə 2 beynəlxalq səviyyəli qrant layihəsinin icrası davam etdirilib.

Bölmə 20-dən çox elm və təhsil mərkəzi və bir çox ölkələrin alimləri ilə sıx elmi əlaqələrdə оlmuş, səmərəli əməkdaşlıq etmiş, bir respublika səviyyəli, 3 muxtar respublika səviyyəli, 11 bölmə səviyyəli elmi konfransa ev sahibliyi etmişdir. Əlamətdar hadisələrlə əlaqədar 8 tədbir baş tutmuş, Oxunması zəruri olan 5 kitabın müzakirəsi və 8 təqdimat keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 8 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən “Qars müqaviləsi və Naxçıvan” mövzusunda elmi araşdırmalara başlanılmış, “Naxçıvan” jurnalının Qars müqaviləsinin 100 illiyinə həsr edilən nömrəsi üçün elmi məqalələr hazırlanaraq sistemləşdirilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti ilə birgə Naxçıvan Muxtar Respublikasının Qars müqaviləsi ilə təsbit olunmuş ərazisinin xəritəsinin ilkin variantı hazırlanmışdır.

Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin məktubu nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyyəsi ilə AMEA Naxçıvan Bölməsində YUNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınması ilə bağlı həyata keçirilən layihə çərçivəsində görülən işlərdən söz açan alim bildirib ki, geopark ərazisinin ümumi, geoloji, geomorfoloji, landşaft, tarix-memarlıq, arxeoloji, biomüxtəliflik xəritələri tərtib edilib, əlavə obyektlər üçün təsdiq edilmiş formada pasportlar hazırlanıb.

İsmayıl Hacıyev maddi-texniki bazanın təkmilləşdirilməsi, elmi kadr potensialının artırılması istiqamətində həyata keçirilən işlərdən danışıb, Bölmədə elmlər doktorlarının sayında müsbət dəyişikliyin gözlənildiyini diqqətə çatdırıb. Qeyd edib ki, əməkdaşlardan 1 nəfər elmlər doktoru dissertasiya işini müvəfəqiyyətlə müdafiə etmiş, 4 nəfər isə doktorluq dissertasiyalarını bitirərək uyğun müdafiə Şuralarına təqdim etmişlər.

Vurğulanıb ki, AMEA-nın Naxçıvan Bölməsində elmin təhsilə inteqrasiyası sahəsində də işlər davam etdirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin AMEA Naxçıvan Bölməsinə hamiliyə verilmiş 5 ixtisas üzrə təhsil alan tələbələrin iştirakı ilə seminarlar, açıq dərslər, laboratoriya məşğələləri keçirilmiş, elmi dərəcəsi olan 50 əməkdaş muxtar respublikanın 29 ümumtəhsil məktəbində 8 fənn üzrə nümunəvi dərslər tədris etmişlər. AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhərinin ümumtəhsil məktəblərindən 50 şagird bölmə alimləri tərəfindən hamiliyə götürülərək, fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilmiş və uğurlu nəticələr əldə olunmuşdur.

Ötən dövrdə Bölmənin 8 əməkdaşı orden, medal, fəxri fərman, diplom və sertifikatla təltif olunmuş, müxtəlif beynəlxalq təşkilatların və jurnalların üzvü seçilmişlər.

Bildirilib ki, muxtar respublikanın qısa dövr ərzində əldə etdiyi sürətli inkişaf tempi bütün sahələrlə yanaşı elmin inkişafına da müsbət təsir göstərmişdir. Yaradılan hərtərəfli şərait elmin inkişafına və istehsalatda tətbiqinə geniş imkanlar açmışdır. Bu baxımdan Bölmə əməkdaşları da hər zamankı kimi bu inkişafa öz töhfəsini verməlidir. AMEA Naxçıvan Bölməsinin yaradılmasında əsas qayənin Naxçıvanın hərtərəfli tədqiqi olduğunu xatırladan alim vurğulayıb ki, aparılan müxtəlif səpkili tədqiqatların nəticələrinin ölkəmizlə yanaşı, xarici ölkələrdə də nəşrinə diqqət artırılmalıdır. Səmərəli tədqiqatların dünya elmi dövriyyəsinə çatdırılması diqqətdə saxlanılmalıdır. Bu həm alim, həm də vətəndaş mövqeyinin nümayişi baxımından önəmlidir.

Elmin istehsalata tətbiqi ilə bağlı görülən işlərdən danışan Bölmə rəhbəri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin istehsal olunan məhsul çeşidlərinin artırılması, çaytikanı yağı istehsalına xüsusi diqqət yetirilməsi və “Yaşıl aptek”də satışının təşkil edilməsi ilə bağlı tapşırığının icrasını təmin etmək məqsədilə yeni çaytikanı tingləri əkildiyini, Nəbatat bağında və Aşağı Əylis kəndindəki ərazidə yeni və məhsuldar meyvə sortlarının əldə edilməsi üçün calaq işləri aparıldığını diqqətə çatdırıb. Söyləyib ki, 16 adda bitki qarışıqlarından dərman paketlərinin hazırlanması, “Şorsu” palçığının istehsalı və satışı işi davam etdirilib.

Vurğulanıb ki, Nəbatat bağında becərilən meyvə ağaclarından toplanan məhsulların səmərəli istifadəsi diqqətdə saxlanılan məsələlərdən biridir. Ekoloji təmiz, saf məhsullardan müxtəlif növ meyvə məhsullarının tədarükü, hazırlanan bitki ekstraktları və yağların tərkibinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bölmənin Ordubad rayonunun Əylis kəndi ərazisində yerləşən Biokimyəvi tədqiqatlar laboratoriyasında müxtəlif tipli məhsulların-meyvə şirəsi, kompot, mürəbbə, cem, bəkməz və standartlara uyğun meyvə quruları istehsal olunur. Məişətdə geniş istifadə olunan gülab, sağlamlıq üçün olduqca faydalı bitki yağları və ekstraktlar hazırlanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış beşinci sessiyasında AMEA Naxçıvan Bölməsinin qarşısına qoyulan vəzifələrdən biri də sadalanan məhsulların çeşid müxtəlifliyinin artırılması, bununla bağlı səmərəli təkliflərin hazırlanmasıdır.

Sonda akademik İsmayıl Hacıyev “ZK-4 tipli seolitin alınması üsulu” adlı ixtirasına görə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş patenti Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovaya təqdim edib.

Yığıncaqda çıxış edən AMEA-nın müxbir üzvləri Əbülfəz Quliyev, Hacıfəxrəddin Səfərli və Tofiq Əliyev qarşıya qoyulan vəzifələrin səmərəli yerinə yetirilməsi üçün təkliflər irəli sürüblər.

AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin mütəxəssisi Gülvira Mustafayeva və Bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov gündəlikdəki digər məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıblar, müvafiq qərarlar qəbul olunub.