AMEA Naxçıvan Bölməsi

Naxçıvan Bölməsinin biblioqrafik göstərici nəşr olunub


08.05.2021 / 17:13Yeni nəşrlər



Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi əməkdaşlarının elmi əsərlərinin 2020-ci il üçün biblioqrafik göstəricisi nəşr olunub. Kitab AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 18 mart 2021-ci il tarixli qərarı ilə çap olunub. Nəşrin layihə rəhbəri və baş redaktoru AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, tərtibçisi isə Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərovadır.

“Biblioqrafik icmal 2020-ci ilin nəticələrini əks etdirir” adlı yazıda Bölmənin elmi göstəriciləri haqqında yığcam məlumat verilmiş, qrafik təsvir vasitəsilə ötən 4 ilin uğurları müqayisə olunmuşdur.

Kitab iki hissədən ibarətdir. Birinci hissədə bölmənin elmi əməkdaşlarının 2020-ci il ərzində nəşr edilmiş kitab, monoqrafiya, metodik vəsait, xəritə, buklet, məqalə, tezis və bədii yaradıcılıq nümunələri, həmçinin dövri mətbuatda, internet saytlarında dərc edilən müsahibələri, müxtəlif mövzulu yazıları qeyd edilib. Biblioqrafik göstəriciyə ümumilikdə 1664 mənbə daxil edilib. Nəşrin “Köməkçi göstəricilər” başlıqlı ikinci hissəsində müəlliflərin, kitab, monoqrafiya, metodik vəsait və xəritələrin, jurnal, kitab, eləcə də toplularda dərc olunmuş məqalələrin, xarici dillərdə nəşr olunmuş əsərlərin əlifba göstəriciləri ayrı-ayrılıqda verilib. AMEA Naxçıvan Bölməsinin “Tusi” nəşriyyatında işıq üzü görən biblioqrafiya 285 səhifədən ibarətdir.