AMEA Naxçıvan Bölməsi

Yaşıl aptek



   AMEA Naxçıvan Bölməsinin Yaşıl apteki 2005-ci ildən fəaliyyət göstərir. Aptekdə Naxçıvan Bölməsi tərəfindən istehsal olunan 16 adda sertifikatlaşdırılmış dərman bitki qarışıqları, “Gülab suyu” və “Şorsu” palçığının satışı təmin olunmuşdur.

   Sertifikatlaşdırılmış dərman qarışıqlarının hazırlanması üçün 40-dan artıq dərman bitkilərindən istifadə edilir. Bölmənin Bioresurslar İnstitutu tərəfindən hazırlanan bitki qarışıqları hipertoniya, şəkərli diabet, əsəb pozğunluğu, endemik ur, duzlaşma, pankreatit, prostatit, stomatit, bronxial astma, böyrək daşları və babasilin müalicəsində effektiv təsirə malikdir.  Sözügedən bitki qarışıqlarının qaraciyər və ödyolları, mədə-bağırsaq sistemi xəstəlikləri, mədəaltı vəzin, qalxanabənzər vəzin, böyrək və sidik yollarının iltihabı zamanı istifadəsi olduqca faydalıdır. Buradakı dərman bitki qarışıqları arasında  həmçinin bəlğəmgətirici və ishal əleyhinə vasitələr də vardır.

   2016-cı ildə dərman paketləri müasir standartlara uyğunlaşdırılaraq yenilənmiş, bitki qarışıqlarının tərkibi, istifadə qaydası, sertifikat kodu, istehsalçı müəssisə və onun ünvanı, xalis çəkisi, saxlanılma şəraiti və yararlılıq müddəti qeyd edilmişdir.

   Naxçıvan Muxtar Respublikası təbii və müalicəvi sərvətlərlə zəngindir. Bu müalicəvi resurslardan biri də “Şorsu” palçığıdır. Müalicəvi palçığın muxtar respublika sakinləri üçün əlçatanlığını təmin etmək və ilin bütün fəsillərində istifadəsinin mümkün olması üçün AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasında təmizlənərək, laboratoriya avadanlıqları vasitəsi ilə qatılaşdırılır. Təmizlənmiş və büxner qıfında qatılaşdırılmış müalicəvi “Şorsu” palçığı farmakologiyada qəbul olunmuş qaydalara əsasən 900 qramlıq xüsusi adlı paketlərdə yaş formada istehsal olunur. Müalicəvi əhəmiyyəti və “Şorsu” palçığına olan tələbat nəzərə alınaraq onun toz halında istehsalı da həyata keçirilir. Bu zaman palçıq +600C temperaturda vakuum şəraitində qurudularaq  600 qramlıq paketlərdə qablaşdırılır. Qeyd edək ki, hər iki növ qablaşdırmanın saxlama müddəti  1 ildir.

   “Şorsu” palçığı revmatizm, revmatoid artrit, poliartrit, fəqərə osteoxondrozu, deformasiyaedici osteoartroz, psoriatik artrit, Bexterev xəstəliyi, miozit, bursit, radikulit, nevrit, nevralgiya, trofik xoralar və insult qalığı kimi xəstəliklərin müalicəsində tətbiq edilir. Palçıq müalicəsi - applikasiya, tampon və ümumi palçıq vannası şəklində istifadə olunur.

   Yaşıl aptek 2020-ci ildə əsaslı təmir olunaraq yenidən istifadəyə verilmişdir.